BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən Qanunun Aliliyi Layihəsinin icrasını cari ilin mart ayının 31-də başa çatdırmışdır. Bu layihə, Azərbaycan vətəndaşlarının peşəkar hüquqi xidmətlərə çıxışının artırılması üçün səylərini dəstəkləyirdi. Bu məqsədlə layihə çərçivəsində Azərbaycanın dörd regional mərkəzində Hüquqi Yardım Mərkəzləri açılmışdır. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ASAN xidmətinin dəstəyi ilə həyata keçirilmişdir. Adları çəkilən qurumların sıx əməkdaşlığı nəticəsində ötən ilin fevral ayında Bərdə, Qəbələ, İmişli və Masallı rayonlarının ərazisində yerləşən ASAN Xidmət mərkəzlərinin daxilində Hüquqi Yardım Mərkəzləri açılmışdır.
2020-ci ilin mart ayının sonuna kimi mərkəzlərə müraciət edən 3442 nəfərə hüquqi xidmət göstərilmişdir. Müraciət edənlərin 29%-i qadın, 71%-i kişi, müraciətlərin 28%-i məhkəmələrlə bağlı məsələlər olmuşdur. Ötən dövrdə göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 14%-i bank kreditləri, 25%-i mülkiyyət və mirasla bağlı məsələlər, 19%-i ailə məsələləri, 16%-i əmək və sosial müdafiə ilə bağlı olan məsələlər olmuşdur. Bundan əlavə, digər müraciətlər miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat və inzibati işlər kimi müxtəlif sahələri əhatə etmişdir.
Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalmışlar. Layihədə nəzərdə tutulduğu kimi ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılmışdır.
Beləliklə bu layihə öz əhatə dairəsi və məqsədləri çərçivəsində BMqT tərəfindən uğurla həyata keçirilərək tamamlanmışdır.