21 iyul Şəhid Leytenant Emin Sadiqovun Mövlud günüdür.
”Yeni Gundem” xəbər verir ki, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva şəhidin ailə üzviləri ilə birlikdə, Eminin mövludunda iştirak edib.
Emin Sadiqov 1998-ci il iyulun 21-də Şahbuz rayonunun Şahbuzkəndində anadan olmuşdur. İlk təhsilini 2004-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində almışdır. 2008-2010-cu illərdə Naxçıvan şəhər 7 nömrəli məktəbdə təhsil almış, daha sonra yenidən Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2015-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. Atası Rəşadət Arif oğlu Sadiqov 2009-cu ildə vəfat etmişdir. Anası Gülşad Qəzənfər qızı Rüstəmova hazırda tibb bacısı işləyir.
2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Emin Sadiqov Qazax rayonuna təyinat almış, burada ilk peşə fəaliyyətinə başlamışdır. 5 oktyabr 2020-ci ildə Füzuliyə yollanmış, döyüşlərdə böyük şücaət göstərmiş, komandiri Şəhid baş leytenant Rauf Əsgərovun yaralandığını görüb ona kömək etmək istərkən 26 oktyabr 2020-ci il şəhidlik zirvəsinə ucalmışdır. 2020-ci il oktyabrın 30-da anadan olduğu #Şahbuzkənd qəbiristanlığında dəfn olunmuşdur.
Məqamı uca Şəhidim, ruhun şad olsun! Allahdan Gülşad xanıma tükənməz səbr diləyirəm!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!