Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının ikinci nömrəsi çapdan çıxıb.
Aİİ-dən “Yeni Gundem”-e bildirilib ki, ildə iki dəfə nəşr olunan jurnalın bu nömrəsində 30 məqalə dərc edilib. Din sosiologiyası, din psixologiyası, islam məzhəblər tarixi, hədis, təfsir, kəlam, tarix, fəlsəfə, din təhsili, dilşünaslığa dair elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən hazırlanıb.
Baş redaktoru institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan “Din araşdırmaları” jurnalının məqsədi ölkəmizdə və dünyada müvafiq sahədə tədqiqat aparan alim və mütəxəssislərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış təhsil müəssisəsidir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə xüsusi əhəmiyyət verir.
Akademik nəşrlər hər bir ali təhsil müəssisəsinin elmi fəaliyyətinin əsas göstəricilərindəndir. “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun hazırlanıb.