Göyçay rayonunda 1992-ci il təvəllüdlü Famil qısqanclıq zəminində 1989-cu il təvəllüdlü tanışı Vüqarı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
“Yeni Gundem”-in məlumatına görə, Famil keçmiş arvadı Səmayə ilə öz dostu Vüqar arasında sevgi münasibətlərindən şübhələnib. O, məsələni aydınlaşdırmaq qərarına gəlib.
Bu məqsədlə noyabrın 16-da saat 20 radələrində Vüqarla görüşüb. Bu zaman Famil özünə məxsus “BMW” markalı avtomobilin idarə etməsini Vüqara həvalə edib. Avtomaşınla gəzinti zamanı onların arasında mübahisə yaranıb və Famil Vüqarı bıçaqlayıb.
Səkkiz bıçaq xəsarəti alan Vüqara vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.
Familin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
“Öldürmək niyyətim olsaydı…”
Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Famil elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Vüqarı öldürmək niyyəti olmayıb və onu cəzalandırmaq istəyib: “Öldürmək niyyətim olsaydı, onun boğaz nahiyyəsinə və ya həyatı üçün vacib orqanlarına bıçaqla xəsarət yetirərdim, onun sağ qalması üçün heç bir şansı qalmazdı.
Ona yetirilən xəsarətlərin sayını dəqiq bilmirəm. Çünki həmin vaxt əsəbiləşdiyimdən özümdə olmamışam. Vüqara dəqiq neçə xəsarət yetirdiyimi bilməmişəm”.
“Evdə polisləri gözlədim”
Təqsirləndirilən şəxs qeyd edib ki, cinayət törətdikdən sonra Göyçay rayon polis çöbəsində Pərviz adlı polis əməkdaşını tanıdığından ona zəng edib və cinayət törətdiyini etiraf edib:
“Pərviz mənə evdə olmağı tapşırdı və özü gəlib məni polis şöbəsinə aparacağını bildirdi. Hazırda dəqiq yadımda deyil, hansı formada ona zəng etmişdim. Səhv etmirəmsə, vatsapda zəng elədim. Bundan sonra atamla telefonda danışdım. Atam dedi, tez evə gəl, polisə gedək. Artıq polisə məlumat verdiyimi və onları gözləmək üçün evə getdiyimi dedim. Polis əməkdaşları gəlib məni evdən apardılar”.
Famil deyib ki, zərərçəkmişlə barışmaq üçün ailəsi tərəfindən müəyyən hərəkətlər edilib, zərərçəkmiş şəxsin xəstəxana xərclərinin bir qismi çəkilib: “Əlavə 10 min manat pul verilsə də, zərərçəkmiş tərəf bu məbləği götürməyib. Mənə qarşı olan mülki iddianı qəbul etmirəm. Qeyd olunanlara əsasən barəmdə ədalətli qərarın qəbul olunmasını xahiş edirəm”.
Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu qeyd olunub. Bu səbəbdən məhkəmə onun istintaqa verdiyi ifadəsini tədqiq edib.
Famil istintaqa bildirib ki, Vüqarı təxminən 15 ildir tanıyır, onunla yaxın dostluq münasibətləri olub: “2018-ci ildə Göyçay şəhər sakini Səmayə ilə rəsmi ailə həyatı qurdum, 7 ay birlikdə yaşadıq. Ailələrimiz arasında söz-söhbətlərə, eləcə də yola getmədiyimizə görə 2019-cu ildə rəsmən boşandıq”.
“Bir-birlərinə baxdıqlarını gördüm”
Təqsirləndirilən şəxs bildirib ki, 2020-ci ilin avqustun əvvəllərində keçmiş həyat yoldaşı Səmayənin işlədiyi “Banu” adlı gözəllik salonunun yanından keçərkən dostu Vüqarı həmin gözəllik solunun yaxınlığında əlində telefon küçədə dayandığını, Səmayənin işlədiyi gözəllik salonuna tərəf baxdığını, bir neçə saniyə sonra Səmayənin də əlində telefon işlədiyi salondan çıxdığını, Vüqarın dayandığı tərəfə baxdığını görüb:
“Maşını bir qədər qarşıda saxladım. Maşından düşərək arxaya boylandım və Səmayənin yenə də telefonla oynadığını, Vüqara tərəf baxdığını gördüm. Maşınla digər küçədən fırlanaraq həmin yerə gəldim. Vüqar və Səmayənin uzaqdan bir-birilərinə baxdığını gördüm. Vüqar məni görəndə başqa istiqamətdə getdi”.
“Bu, mənə pis təsir etdi”
Famil bildirib ki, həmin vaxtdan Vüqarla Səmayənin arasında münasibətin olmasından şübhələnib: “Bu hadisə mənə çox pis təsir etdi. Həmin gün öz telefonuma hazırda adını xatırlamadığım xüsusi proqram yazdım. Həmin proqram vasitəsi ilə Vüqarın və Səmayənin istifadəsində olan mobil nömrələrin vatsap sosial şəbəkəsində hansı vaxtlarda onlayn olduqlarını gördüm.
Beləliklə, Vüqar və Səmayənin gün ərzində eyni vaxtda vatsapda onlayn və oflayn olduqlarını görmüşəm. Bütün bunlar Vüqar və Səmayənin arasında münasibətlərin olması ilə bağlı şübhələrimi artırdı”.
“Özü-özünə mahnı oxuyurdu”
Familin ifadəsinə görə, 2020-ci ildə Vüqarın qardaşı Abbas saat 00.26-da onu öz evlərinə düşürüb, saat 00.34-də isə həmin proqram vasitəsi ilə ona bildirim gəlib: “Bildirimdən aydın oldu ki, saat 00.34-də Vüqar və Səmayə hər ikisi vatsap sosial şəbəkəsində onlayn, saat 00.37-də isə oflayn olublar.
Şübhələrim artdığı üçün yaşadığım evdən çıxdım, qaça-qaça Səmayəgilin evinin qarşısına getdim. Saat 00.57-də artıq Səmayəgilin evinin qarşısında idim. Saat 01.04-də Vüqarın qardaşı Abbasa məxsus “Opel” markalı avtomobillə Səmayəgilin evinin qarşısından keçdiyini, sonra geri qayıdaraq qapının qarşısında bir neçə saniyə dayandığını, daha sonra getdiyini gördüm.
Həmin vaxt həyətdən Səmayənin səsi gəlirdi. O, özü-özünə mahnı oxuyurdu. Mən gördüyüm üçün Vüqarın getdiyimi düşündüm. Orada çox dayanmayıb geri qayıtdım”.
“Dediklərinə inanmadım”
Famil deyib ki, bütün bunlardan sonra Vüqarla Səmayənin arasında münasibət olmasına əminliyi artıb: “Ertəsi gün Abbasdan ötən gün məni düşürdükdən sonra harasa gedib-getmədiyini, onun maşınının kimdə olduğunu soruşdum. Abbas isə evə getdiyini, maşının isə, ola bilsin, qardaşı Vüqarda olduğunu dedi. Bundan sonra Vüqarın özü ilə bu barədə bir neçə dəfə söhbət etməyə çalışdım.