Təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti əsasında 10 dekabr-Beynəlxalq insan hüquqları gününə həsr olunmuş onlayn konfransda iştirak edib.
Təhsil Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, tədbirdə çıxış edən nazir koronavirus pandemiyası və Ermənistan hərbi qüvvələrinin təxribatları fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.
E. Əmrullayev onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.
Nazir həmçinin cari ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.