Bərdə rayonuna növbəti səfərimiz zamanı Qaraqoyunlu-Ərəblər-Bala Ərəblər kəndlərini əhatə edən yolun tikintisinin gedişinə baxış keçirdik, kəndlərin sakinləri ilə söhbət etdik. Hazırda işlər sürətlə davam etməkdədir.
Xatırladım ki, keçirdiyim görüşlərdə seçicilərim uzunluğu 4.3 km olan Qaraqoyunlu-Ərəblər-Bala Ərəblər kəndlərini əhatə edən avtomobil yolunun durumundan narahatlıqlarını ifadə edir və yeni yolun inşasına kömək olunması üçün dəfələrlə mənə müraciət etmişdilər. Mən də millət vəkili olaraq bu problemi daim diqqət mərkəzində saxlayaraq səlahiyyətlərim daxilində aidiyyəti qurumların qarşısında məsələ qaldırmışam.
Artıq Qaraqoyunlu kəndində 1.3 kilometr yola asfalt örtüyünün salınması başa çatıb. Qaraqoyunlu-Bala Ərəblər kəndlərini birləşdirən 3.0 kilometr məsafədə yola isə asfalt örtüyünün salınması üçün yol yatağı hazırlanıb. İnanıram ki, həmin yol qrafika uyğun olaraq nəzərdə tutulan vaxt çərçivəsində inşa olunaraq bərdəlilərin istifadəsinə veriləcəkdir. Bununla da, həmin ərazidə yaşayan insanların yol probleminə son qoyulacaq. Bütün bunlar bir daha göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz hər zaman öz vətəndaşının yanındadır. Bu işdə zəhməti keçən hər kəsə, müraciətimizə diqqətlə yanaşan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə təşəkkür edirəm.