Gündəlik koronavirusa yoluxanların sayı artdığına görə Azərbaycanda oktyabr ayından dərslər yenidən distant formada keçirilməyə başlanıb. Gündəlik yoluxma sayı 4000-ni keçdiyinə görə dekabrın 14-dən yanvarın 18-nə kimi ölkədə sərt karantin rejimi tətbiq olunub. Sərt karantin rejiminin tətbiqi nəticəsində Azərbaycanda yoluxma sayı 100-ə düşüb. Qeyd edək ki, yoluxma sayı azaldığına görə ölkə ərazisində sərt karantin rejimi yumşaldılıb və “SMS icazə” sistemi ləğv edilib. Yanvarın 25-dən isə gözəlik salonları və ticarət mərkəzləri açılacaq, rayonlara gediş-gəliş bərpa ediləcək. Fevralın 1-dən kafe və restoranların fəaliyyətə başlayacağı gözlənilir. Bugünkü iddialardan biri də fevralın 1-dən dərslərin yenidən ənənəvi qaydada keçirilməsi və bağçaların açılması ilə bağlıdır.
“Yeni Gündəm” xəbər verir ki, bununla əlaqədar Sonxeber.az-ın sualını cavablandıran Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, gündəlik olaraq sosial şəbəkələrdə yüzlərlə xəbər yayılır. Hər hansı qərar qəbul edilən zaman Təhsil Nazirliyi tərəfindən vətəndaşlarımıza məlumat verilir. Dərslər və bağçalarla bağlı qəbul edilən bütün qərarlar barəsində yanvarın 22-də Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə məlumat veriləcək”.