“Fransa bir çox ölkənin arzusunda olduğu hərbi texnikanı Ermənistana verib”.
Bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekottini “Politico” qəzetinə açıqlamasında bildirib.
Bildirilir ki, son aylarda zavod 3 ədəd ən müasir “GM 200” radarını məhz bu ölkəyə ixrac edib.
Qəzetin əməkdaşı Laura Kayali hərbi təyinatlı məhsulların böyük hissəsini Ermənistana ixrac edən müəssisədə olub. Ona məlumat verilib ki, Parisdən 50 kilometr cənubda, Limurda yerləşən və “Thales” şirkətinə məxsus olan bu zavod əsasən “Ground Master” adlanan və hava məkanının müşahidəsi üçün nəzərdə tutulan müasir avadanlıqların istehsalı ilə məşğuldur. Bildirilib ki, şirkətin ən böyük sifarişçisi Fransa dövlətidir. Buna səbəb isə odur ki, rəsmi Paris şirkətin məhsulu olan hərbi müşahidə vasitələrini Ermənistana göndərməyi qərarlaşdırıb.
Kayali yazır ki, ona son dövrlər Emmanuel Makronun tapşırığı ilə zavodun istehsal gücünün dəfələrlə artırıldığı barədə məlumat verilib. O da bildirilib ki, bu faktor daha çox dünyada münaqişə zonalarının artması ilə əlaqədardır. Fransa lideri xalqa ənənəvi Yeni il müraciətində də məhz bu məqama toxunub. Bəyan edib ki, son iki ildə ölkədəki müdafiə sənayesi müəssisələri istehsal həcmini artırsa da, bu, tələbatın təmin olunmasına kifayət etmir.
Radar və digər hərbi müşahidə sistemlərinin istehsalı üzrə qlobal səviyyədə 3-cü sırada olan “Thales” korporasiyasının qarşılaşdığı problemlər sırasında müəssisədə işçi sayının və istehsalat sahələrinin həcminin azlığıdır. Bu səbəbdən Fransa hökuməti ilə “Dassault Aviation” qrupunun iştirakı ilə yaranan şirkət qarşıya qoyulan istehsal hədəflərinə nail ola bilmir. Bu çatışmazlıq isə ümumilikdə Avropanın müdafiə sənayesi sahəsinə təsirsiz ötüşmür. Zavodun istehsal sahələrində iş yükünün artması səbəbindən iki növbəli iş rejimi təşkil olunub.
Məqalə müəllifinin sözlərinə görə, zavodun istehsal etdiyi radar sistemləri havadan gələn təhlükənin vaxtında aşkarlanması üçün nəzərdə tutulub. Tətbiq olunan yeniliklər sayəsində bu sistemlər pilotsuz uçuş aparatlarını da identifikasiya etməyə qadirdir. Onların arasında “GM 400 Alpha” adlı radar qurğusu xüsusilə fərqlənir.
Qiyməti 30 milyon avro civarında olan bu qurğu 250 kilometrdən 500 kilometrədək olan məsafədəki hədəfləri aşkarlaya bilir. Ondan bir sinif aşağı olan “GM-200” isə 350 kilometrədək məsafədə yerləşən obyektləri müəyyən edir.
Şirkətin müştəriləri arasında Ukrayna, İndoneziya və Mərakeş də daxil olmaqla 40 dövlətin adı çəkilir.
Son dövrlər Ukraynadakı müharibə səbəbindən hökumət rəsmi şəkildə bu zavoda istehsal xərclərinin optimallaşdırılmasını tapşırıb.
APA