“Heç kim unudulmur, heç kim yaddan çıxmır”backend

Bu günlərdə “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində yüksək poliqrafik üslubda hazırlanmış “Şəhidlik zirvəsi – Qobustan şəhidləri” adlı yeni kitab işıq üzü görüb.

“Yeni Gündəm” xəbər verir ki, kitab tanınmış şair-publisist Mətanət Ulu Şirvanlının şəhidlər haqqında yazdığı növbəti publisist təqdimatıdır. Kitab Birinci və İkinci Qarabağ döyüşlərindən bəhs edir. Müəllif kitabda erməni cəlladları tərəfindən torpağımızda törədilən cinayətlərdən bəhs edib, 30 illik vətən həsrətini qələmə alıb.
Qarabağı canı-qanı bahasına qoruyan qobustanlı döyüşçülərin xatirəsini yad edən yazıçı onların taleyini və döyüş yolunu elegiya janrında oxuculara təqdim edib.
Kitabda “Heç kim unudulmur, heç kim yaddan çıxmır” başlığı altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi rəisinin müavini Samil Əzizov, yazıçı Seyran Səxavət, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, AYB-nin şöbə müdiri Sayman Aruz və yazıçı- dramaturq Elçin Hüseynbəylinin şəhidlərimiz haqqında fikirləri qeyd edilib, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda igidlik göstərən şəhidlərimiz böyük ehtiramla yad olunub.
Redaktoru tanınmış şair Hikmət Məlikzadə olan kitabda Vətən uğrunda canından keçmiş oğulların ömür yolu gənc nəslə əsl vətənpərvərlik nümunə kimi təqdim edilir.