Hikmət Hacıyev: “Türkiyənin dəstəyini hər zaman hiss edirik”backend

“Türkiyə bizim qardaşımız, onun gücü bizim gücümüzdür. Hər zaman bir millət, iki dövlətik. Türkiyənin diqqət və qayğısını hər zaman yanımızda hiss edirik. Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığı davam etdirilər.

Prezidentin köməkçisi Laçın yolunda erməni təxribatından Türkiyə tərəfinin də məlumatlı olduğunu qeyd edib.

““Xarici işlər naziri Hakan Fidan bu mövzuda çox gözəl açıqlama verdi, qardaş Türkiyənin bu məsələdə hər zaman dəstəyini görmüşük. Ermənistan bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarıb. BMT 25 il Qarabağdan danışmırdı, indi ermənilərin manipulyasiyası və dezinformasiyası ilə bağlı məsələləri gündəmə gətirib. Azərbaycanın Təhlükəsizlik Şurasının toplantısında deyəcəyi daha çox sözlər var, Türkiyə də bölgə dövləti olaraq bu toplantıda iştirak edəcək. Azərbaycan və Türkiyə haqlı mövqelərini bir daha ortaya qoyacaqlar. Ümid edirik ki, ermənilərin bu təxribatının qarşısı alınacaq”.

Laçın yolunda erməni təxribatı barədə danışan H.Hacıyev Bərdə-Ağdam dəmir yolu və avtomobil yolunun tikintisi barədə məlumat verib:

“Orada bir yol yox idi. Onlar yolu da məhv etmişdilər. Sovetlər dövründə bu yol nəqliyyat baxımından ən sərfəli yol kimi istifadə edilirdi. Çünki burada nəqliyyat xərcləri də aşağı idi. Qarabağ erməniləri üçün lazım olan vəsaitin daşınması bu yolla mümkündür. Onlar da bu yoldan istifadə edərək Azərbaycan bazarlarına öz məhsullarını çıxara biləcəklər. Amma onlar bu yoldan istifadə etmək əvəzinə, maneələr yaratmaqla məşğuldurlar. Bundan siyasi təbliğat vasitəsi kimi istifadə edirlər”.

H.Hacıyev bildirib ki, bu məsələdə reinteqrasiyadan başqa yol yoxdur:

“Bu, sosial, siyasi və iqtisadi cəhətdən inteqrasiya nöqtəsi sayılır. Təəssüf ki, onlar bundan imtina edərək maneələr yaradırlar. Bu yola paralel olaraq dəmir yolları da keçir. Bunlar əslində Qarabağ ermənilərinin həyat tərzini yaxşılaşdırmaq, problemin siyasi yolla həllinə nail olmaqdır, daha yaxşı imkanlar deməkdir”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etməyə hazırdır:

“Bu baxımdan Bərdə-Ağdam-Xankəndi yolu təkcə texniki deyil, həm də siyasi əhəmiyyət daşıyır. Yol mədəniyyət və sivilizasiyadır. Biz maneələr yox, məhz yollar qururuq”./Report