Sosial şəbəkədə yayılan bu görüntülər Yardımlıda, Hamarkənd meşələrində çəkilib.
”Yeni Gundem” Bakupost.az-a istinadən xəbər verir ki, görüntülərdən kənd sakinlərinin atla meşədən odun daşıdıqları aydın olur.
Buna səbəb Hamarkəndin hələ də qazlaşdırılmamasıdır. Kənddə qaz olmadığı üçün yerli sakinlər il boyu yemək bişirmək, qışda isə isinmək üçün odun sobalarından istifadə edirlər.
Hamarkənd rayon mərkəzindən bir neçə kilometr aralıda yerləşir. Rayona və ətraf kəndlərə qaz çəkilsə də, illərdir qısa məsafənin qət edilib Hamarkəndin qazlaşdırlması problemi həll olunmur.
Onu da qeyd edək ki, Milli Məclisdə Hamarkənddə doğulan iki millət vəkili – Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və tarixçi professor Musa Qasımov təmsil olunurlar.
Kəndin qazlaşdırılması ilə bağlı dəfələrlə məsələ qaldırılıb.
Sonuncu dəfə isə millət vəkili Sabir Rüstəmxanlı ötən ilin axırlarında Hamarkəndə qaz çəkilməsi xahişi ilə Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.
Müracətdə qeyd olunurdu ki, bir müddət öncə ətraf kəndlər qazlaşdırılsa da, indiyədək Hamarkəndə qaz xətti çəkilməyib.
O zaman millət vəkilinin müraciətinə müsbət cavab verilmişdi. Məsələ ilə bağlı “Azəriqaz”dan göndərilən cavab məktubunda bildirilirdi ki, Yardımlı rayonunun Hamarkənd kəndinin daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi 2024-cü ilin kapital qoyuluşu proqramına daxil edilib və tezliklə kənd sakinləri mavi yanacaqdan istifadə edə biləcəklər.
Ancaq artıq 2024-cü ilin 6 ayı geridə qalıb. Lakin bu il Hamarkənd sakinlərinin qaz probleminin həll ediləcəyinə dair heç bir işartı, tərpəniş görünmür. Sakinlər yayın istisində, payızın yağışlı, palçıqlı günlərində meşədən odun daşımaq məcburiyyətində qalırlar.
Görəsən, Hamarkənd sakinlərinin bu əzab-əziyyətinə nə vaxt son qoyulacaq?