Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
Aİİ-dən “Yeni Gundem”-e verilən məlumata görə, institutun növbəti səfəri Mingəçevir şəhərinə olub.
Öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Mingəçevir Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev qonaqları salamlayaraq bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən islahatlar, baş verən hər bir hadisə, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Qeyd edib ki, müasir dövrdə cəmiyyətimizin tələbatına cavab verən təhsil sisteminin inkişafı və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi bu sahənin yenilənməsinə gətirib çıxarır.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müstəqil Azərbaycan Respublikasında təhsilə, onun inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət yetirildiyini bildirib. Cəmiyyətin həyatında təhsilin oynadığı əhəmiyyətli rolu vurğulayan Aİİ rəhbəri, həmçinin qeyd edib ki, hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə elmin, təhsilin maddi-texniki bazası inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalar təmin olunur.
C.Məmmədov abituriyentlərə qarşıya qoyduqları məqsədlər uğrunda səylə çalışmağı tövsiyə edib. Bildirib ki, gənclərimiz xalqımızın millli-mənəvi, əxlaqi dəyərlərinə sədaqət ruhunda tərbiyə olunmalıdırlar. Müstəqil Azərbaycanın gələcəyi bugünkü gənc nəslin düzgün təlim-tərbiyəsindən asılıdır.
Aİİ rektoru ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bunun ən bariz nümunəsinin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Rektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında da ətraflı məlumat verib.
İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov tələbələrin daha yaxşı təhsil almaları üçün İnstitutda yaradılan şəraitdən söhbət açıb. İ.Əlimuradov tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Qeyd edib ki, İnstitut kollektivi gənclərin zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadr kimi yetişmələri istiqamətində səylə çalışır.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Bundan başqa, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini qeyd edib.
Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.