İmamverdi İsmayılovun əsas rəqibindən SƏRT SÖZLƏR: “İnanmıram ki, ona 100 nəfər səs versin”backend

“İmamverdi İsmayılovun 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində 300 səs toplamadığı ilə bağlı sübutlar var”.

Bunu Yenicag.az-a açıqlamasında İmamverdi İsmayılovun 1995-ci ildən indiyə qədərki fəaliyyətinə münasibət bildirən Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli deyib.

Onun sözlərinə görə, bu məsələyə İmamverdi İsmayılovun şəxsi nöqteyi-nəzərindən baxmaq doğru deyil.

“Çünki 30 ildir İmamverdi İsmayılovun namizədliyi YAP-ın siyahısından verilir. Ötən seçkilərdə YAP bəyan etmişdi ki, yeni insanların gəlişində maraqlıdır, amma yenə İmamverdi İsmayılovun namizədliyini irəli sürdü. Bu ilin fevralından bəri YAP bəyan edir ki, yeni dövrə yeni hədəflərlə gedəcək. Yeni dövrün yeni hədəfi Siyavuş Novruzov, İmamverdi İsmayılov, Eldar İbrahimovdursa, bəs bu cəmiyyətə hansı açıqlamanı verəcəklər?” – deyə o bildirib.

A.Əsədli bildirib ki, 30 ildir bu adamların üzərindən manipulyasiya gedir:

“Yeni dövr, yeni fikirlər, yeni siyasət adamlarının olacağı deyilir, lakin yenə eyni adamlar deputatlığa namizəd olur. Məşhur filosofun dediyi bir fikir burada yerinə düşür: “Nə dediyin önəmli deyil, nə etdiyin önəmlidir”.

“2020-ci ildə İmamverdi İsmayılov biabırçı şəkildə mənə məğlub olub. Üst-üstə 300 səs toplamadığı ilə bağlı sübutlar var. O, 30 ildə xalqla hakimiyyət arasında körpü qura bilmədi. İnanmıram ki, 100 nəfər gedib ona səs versin. Çünki ortada keçən seçkidən qalan nəticələr, protokollar var”, – deyə partiya rəhbəri bildirib.