Sakit Okeanın kiçik kimsəsiz adasında bir həftədən çox qalan üç dənizçi palma yarpaqları ilə kömək istəməkləri sayəsində xilas olublar.
Bu barədə ABŞ Sahil Mühafizəsinin rəsmiləri məlumat yayıblar.
Bildirilib ki, Mikroneziyanın bir hissəsi olan Pikelot adası yaxınlığındakı sularda üç nəfər balıq tutmağı planlaşdırıb. Ancaq iri dalğa onların gəmilərinin mühərriyini zədələyib. Nəticədə gəmi kimsəsiz adaya yaxınlaşıb.
Burada isə dənizçilərin ratsiyasının batareyası yatıb, onlar kömək çağıra bilməyiblər.
Nəhayət dənizçilər 31 hektarlıq adadan xurma yarpaqlarını toplayıblar və ağ qumlu sahildə “HELP” (Kömək edin) sözünü yazıblar.
Onlar kimsəsiz adada qaldıqları bir həftə ərzində kokos yeyiblər və kiçik quyudan təmiz su əldə ediblər.
Dənizçilər itdikdən bir neçə gün sonra qohumları ABŞ-nin Sakit Okean Ərazisində təcili xidmətlərə zəng edərək kömək istəyiblər. Bundan sonra axtarışlara başlanılıb.
Yaponiyanın Okinava şəhərindəki Kadena aviabazasından göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi çimərlikdə xurma yarpaqları ilə yazılan sözü görüb. Onlar üç nəfər üçün havadan ərzaq paketləri atıblar, sonra isə dənizçilərin yeri barədə xilasetmə mərkəzinə məlumat yollayıblar.
Xilas edilən dənizçilərin səhhətinin yaxşı olduğu açıqlanıb. Onların istəyi ilə adları açıqlanmayıb.