Komitə sədri: Bəzən orqan köçürüləcək insanlar növbə gözləyə-gözləyə vəfat edirlərbackend

Orqan transplantasiyası üçün müəssisələrin sayı artırılmalıdır.

Bunu TƏBİB-in 5 illiyinə həsr edilmiş tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, həmçinin qeyd edib ki, icbari tibbi sığortaya daxil olan xidmətlərin sayı da artmaqda davam edir. Onun sözlərinə görə TƏBİB buna hazır olmalıdır: “Orqan transplantasiya üçün kadr potensialının kifayət qədər olduğunu düşünürəm. Müəssisələrimizin səviyyəsi yüksəkdir. Onların sayı artmalıdır. Bu əməliyyatlara ehtiyacı olan xəstələrin sayı çoxdur, növbələr var. Bəzən insanlar növbə gözləyə-gözləyə vəfat edirlər. Müəssisələrin sayı da artmalıdır ki, insanlar növbəyə gözləyə-gözləyə vəfat etməsinlər”.

Komitə sədri vurğulayıb ki, səhiyyənin illik büdcəsi 3 milyard manata yaxındır: “Üç-dörd il əvvəl səhiyyənin illik büdcəsi 800 milyon manata da çatmırdı, təxminən 780 milyon manat idi. Bu il bütövlükdə icbari tibbi sığorta da daxil olmaqla bu rəqəm təxminən 3 milyard manata yaxındır. Bu, kifayət qədər yüksək rəqəmdir. Belə bir vəsaitlə istər ölkə rəhbərliyi, istərsə də əhali səhiyyədən daha keyfiyyətli xidmət gözləyir”.