Son günlərdə ölkəmizin sosial həyatında baş verən ən mühüm və arzuolunmaz hadisələrdən biri yeni növ koronavirusun (COVİD-19) Azərbaycana da ayaq açması oldu. Amma dövlətimiz bu virusun yayılmaması üçün bütün gücünü səfərbər edib, aidiyyəti qurumlar var gücü ilə çalışırlar ki, dünyanı bürüyən yeni növ koronavirus (COVİD-19) infeksiyası Azərbaycanda ayaq açıb hər yeri bürüməsin! Bu istiqamətdə ölkə başçısının atdığı mühüm addımlar verdiyi qərarlar isə xüsusi vurğulanmalıdır. Məsələn, virusla mübarizə tədbirlərində həyatlarını riska ataraq yaxından iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkə başçısının bütün tibb işçilərinə, səhiyyəyə qayğısı və diqqəti idi. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ora ianələrin edilməsi isə vətəndaş cəmiyyətləri tərəfindən birmənalı olaraq alqışlandı. Bundan başqa, müvafiq sərəncamla Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsaitin ayrılması, ölkə Prezidentinin çoxşaxəli uğurlu siyasi kursunun təzahürü, iqtisadiyyata, sahibkarlara operativ dəstəyin bariz nümunəsidir. Bu qərarlar təkcə sahibkarlara, tibb işçilərinə olan qayğı deyil, ümumilikdə bütün vətəndaşlarımıza olan qayğıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqına koronovirusla mübarizə istiqamətində göstərdiyi diqqət və qayğı da xüsusi olaraq vurğulanmalıdır. Heydər Əliyev Fondunun dünyanın ən aparıcı dövlətlərində olan müəyyən avadanlıqları gətirməsi, tibb müəssisələrinin lazımi avadanlıqlarla təchiz olunması ilə bağlı addımları dövlət başçımızın, Birinci vitse-prezidentin xalqımızı, vətəndaşlarımızı hansı həssaslıqla düşünməsini göstərdi…
Vətəndaş cəmiyyəti təmsilçiləri ictimai-siyası prosesləri də daima izləyir, bir neçə ildir ki, aparılan məqsədyönlü islahatları, seçki proseslərini yaxından müşahidə edir. Son ayların mühüm siyasi hadisələrindən biri olan növbədənkənar parlament seçkilərində 1300-dən çox namizədin deputat mandatı uğrunda mübarizəyə qoşulmasını demokratiya və qanun aliliyinin təzahürü kimi qiymətləndiririk. Ümumilikdə seçkilərin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirməsini, vətəndaş cəmiyyəti təmsilşiləri çox yüksək qiymətləndirilir.
Mart ayının 10-da altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. İclasda müstəqillik tariximizdən bəri ilk dəfə olaraq parlamentə xanım spiker seçildi. QHT –lər bir daha şahidi oldu ki, gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin başlıca məqsədlərindəndir. Hesab edirik ki, bu hadisə Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını artırmaqla yanaşı cəmiyyətimizin inkişafı və dövlət quruculuğu prosesində qadınların rolunu daha da gücləndirəcək.
Azərbaycanda bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu demokratiyanın inkişafında önəmli addımdır. Milli Məclisin rəhbərliyində müxalifət, Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsinin yer alması tərəfimizdən çox müsbət qarşılaıb. Belə ki, müstəqillik dövründə Milli Məclisin vitse – spikerlərindən heç biri müxalifət partiyasının nümayəndəsi olmamışdır. Bu hadisəni demokratiya yolunda atılmış uğurlu bir addım kimi yüksək qiymətləndiririk.
Hazırda QHT-ləri maraqlandıran əsas məsələlərdən biri də bir müddət öncə başlamış iqtidar və müxalifət təmsilçiləri arasında baş tutan görüşlərdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi, siyasi partiya rəhbərləri ilə görüşlər keçirdi. Məlumata görə bu günə qədər 50-dən artıq siyasi partiya ilə görüşlər keçirilib. Qeyd edək ki, görüşlərdə siyasi partiyalar və dövlət münasibətləri, siyasi partiyalar, ictimai – siyasi vəziyyət, iqtidar – müxalifət münasibətləri mövzusunda diskusiyalar aparıldı. Ümidvarıq ki, bu dialoqlar nəticəsində xalqımız daha demokratik, daha gözəl bir ölkədə yaşayacaq.
Cənab Prezident İlham Əliyev tərəfindən mövzuya dair “Bu çox ciddi addımdır” istiqamətindəki fikirləri, ölkəmizin demokratik, hüquqi, dünyəvi dövlət olmasının ən bariz nümunəsidir. Bütün siyasi partiyalarla dialoqun aparılması, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən də, yüksək dəyərləndirilir. Lakin AXCP-nini, Əli Kərimlinin bu istiqamətdə atdığı qərəzli mövqeyi, dialoqa qarşı əks münasibəti vətəndaş cəmiyyəti təmsilçilərini bir daha əmin etdi ki, xarici havadarlarının sifarişi ilə qərar verən siyasi mövqedədir.
Sadıq Sadıqov
“Ekologiyanın Qorunmasına Kömək” İB-nin sədri