“Laçın Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üçün mühüm rol oynayacaq” – DEPUTATbackend

Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq prosseslərinin həyata keçirilməsi, uzun müddət dədə-baba yurdlarından məcburi köçkün vəziyyətinə düşən vətəndaşların öz torpaqlarına qayıtması üçün ciddi işlərin aparılmasıdır.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.

Millət vəkili açıqlayıb ki, son 3 ildə dövlət büdcəsindən işğaldan azad edilən ərazilərin bərpası üçün təxminən 7 milyard manata yaxın vəsait ayrılıb.

“Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük qayıdışı təmin etmək üçün Dövlət Proqramı qəbul olunub.
Bütün bunlarla birlikdə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun bərpası , hava limanlarının salınması, yaşayış məntəqələrinin tikilib istifadəyə verilməsi ilə bağlı ciddi işlər görülür.
Ötən ilin avqustunda Laçın şəhərinin tamamilə Azərbaycan Ordusunun nəzarətə keçməsindən sonra orada ciddi quruculuq işlərinə başlanılıb. Hal hazırda Laçın rayonunun şəhər mərkəzində təxminən 600 -ə yaxın evin bərpası, sosial obyektlərin inşası prossesi davam edir.
Laçın şəhər 2 nömrəli tam orta məktəbi əsaslı təmir edilir. Eyni zamanda rayonun Zabux və Sus kəndlərində isə yeni qəsəbələrin salınması üçün sürətli işlər aparılır.
Cari ildə təxminən 600 ailənin Laçının şəhər mərkəzinə, 220 ailənin Zabux kəndinə, 150-yə yaxın ailənin də Sus kəndinə köçürülməsi nəzərdə tutulur.

M.Abbaszadə bildirib ki, Laçın Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üçün mühüm rol oynayacaq.

“Biz Qarabağla Laçın rayonun sərhədinə baxdıqda görürük ki, Ermənistanla ən yaxın sərhəddə Laçın rayonu yerləşir. Laçın strateji mövqedə yerləşir. Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişi Laçın rayonunda yerləşir. Bu nöqteyi-nəzərdən şəhərdə həyatın bərpası olduqca vacib məsələlərdən biridir. Rayonun Güləbird və digər qonşu kəndlərin baş planlarının hazırlanması ilin sonuna kimi hazır olacaq. Bu ərazilərdə də infrastruktur bərpa ediləcək.
2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üçün mühüm rol oynayacaq.
Hava Limanının istifadəyə verilməsi ərazinin iqtisadi və logistik nöqteyi-nəzərdən inkişafına, əlçatanlığını təmin edəcək. Azərbaycan dövlətinin iqtisadi gücü, ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində ilin sonuna qədər Laçın rayon sakinlərinin öz dədə-baba yurdlarına qayıdışını təmin edə biləcəyik”,- deyə o qeyd edib.

Fərahim Rəhimov