Mal ətinin qiyməti ilə bağlı YENİ XƏBƏRbackend

Azərbaycanda mal ətinin qiymətinin bahalaşması müşahidə olunur. Müşahidələrə görə, bəzi qəssabxanalarda bir kiloqram dana ətinin qiyməti 16 manata təklif olunur.

Bu xəbəri Trend-ə satıcılar da təsdiqləyib.

Onların sözlərinə görə, son bir həftədə mal ətinin qiyməti bir manat bahalaşıb.

“Bunun da əsas səbəbi otun və yemin qiymətinin bahalaşmasıdır”, – deyə satıcılar qeyd edib.

Məsələ ilə bağlı açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, istehlak olunan ətin 85%-i ölkəmizdə istehsal olunur.

“Bu, yaxşı göstəricidir. Belə ki, bu rəqəm qoyun, keçi ətində 98%, mal ətində 90%, quşçuluqda isə 80% ətrafında dəyişir. Ancaq ətin istehsalında istifadə olunan yemin əhəmiyyətli hissəsi ya xaricdən idxal olunur, ya da dəyəri dünya bazarında formalaşır. Ümumiyyətlə, ətin maya dəyərinin 70%-i yemlə bağlıdır. Yemin bahalaşması ətin qiymətinə təsir edir. Həm də hazırda istirahət mövsümü olduğundan ətə tələbat yüksəkdir”.

Ekspertin sözlərinə görə, maldarlıqda xərclərin artımı fermerə tədricən təsir göstərir.

“Əvvəllər ölkəmizə Ukrayna və Rusiyadan ucuz ət idxal olunurdu. Bahalaşmanın səbəblərindən də biri də odur ki, hazırda baş verən proseslərə görə bu imkanlar məhdudlaşıb. Ümumiyyətlə, xaricdən gətirilən ətin qiymətində 20% bahalaşma var. Bunun özü də imkan verir ki, yerli təsərrüfatlar qiyməti artırsın”, – deyə X.Kərimli qeyd edib.