Kamran Əsədov: “O vəzifədə daimi işləməyəcəyini bilən əvəzedici direktor vəzifəsini yüksək səviyyədə yerinə yetirmir. Hüquqi baxımdan da, əvəzedici direktorun uzun müddət o vəzifəni tutması düzgün deyil
“Təhsil Nazirliyinin təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün keçirdiyi müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilə və azı 5 il pedaqoji staja malik (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Yol verdikləri nöqsanlara görə direktor (direktor müavini) vəzifəsindən azad olunmuş, məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzlər. Xatırladım ki, ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada, bir neçə mərhələdən ibarət müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Bundan başqa əlavə olaraq, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər. ”
Bu fikirləri açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib.
Ekspert qeyd edib ki, müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və məhdudlaşdırıcı hallar (təhsil sənədlərinin dövlət nümunəli olmaması, məhkumluğun olması, pedaqoji fəaliyyət göstərməsinin qadağan olunması və digər hallar) Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Bu mərhələdən uğurla keçənlər növbəti mərhələyə buraxılır. Müsabiqənin ən ciddi və çətin mərhələsi test imtahanı mərhələsidir. Bu imtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir. Bundan başqa onların dünyagörüşünü, kurikulum biliklərin yoxlayan, İKT bacarıqlarını müəyyən edən test tapşırıqları təqdim olunur. Nəticə imtahanın sonunda namizədlərə bildirilir. İmtahanda test sualları ilə yanaşı iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları Nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir. Tələb olunun balı keçmiş idiaçı müdavimlər növbəri mərhələyə buraxılır.
Kamran Əsədov vurğulayıb ki, test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda Nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədə göstərdiyi məlumatlarla təsdiqedici sənədlər arasında uyğunsuzluq aşkar edildiyi halda, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir. Test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar (işlədiyi və ya yaşadığı rayon (şəhər) üzrə) onlara təklif olunur. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
Həmsöhbətimizin sözlərinə görə, Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi qaydaları 4 ildir ki, yeni formatda həyata keçirilir. Tətbiq edilən yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçirilir. 4 mərhələdən ibarət olan müsabiqəni uğurla keçənlər sonda bu vəzifəyə təyin olunurlar.
Kamran Əsədov bildirib ki, bütün bunlara baxmayaraq hələ də istər Bakıda, istərsə də regionlarda bütün mərhələləri keçib ehtiyatda qalan, təyin olunmayan kifayət qədər namizəd var. Bu o deməkdir ki, hazırda yüzlərlə məktəb əvəzedici şəxslər tərəfindən idarə olunur ki, bu da birbaşa təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Belə ki, o vəzifədə daimi işləməyəcəyini bilən əvəzedici direktor vəzifəsini tam şəkildə və yüksək səviyyədə yerinə yetirmir. Hüquqi baxımdan da, əvəzedici direktorun uzun müddət o vəzifəni tutması düzgün deyil. Qanunvericiliyin tələblərinə görə əvəzedici qaydada bu vəzifələr yalnız 6 aya qədər tutula bilər. Xüsusi ilə qeyd edim ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın parlaq gələcəyinə hesablanıb. Amma öz maraqlarını dövlət maraqlarından üstün tutan bəzi məktəb direktorları, direktor müavinləri, təhsili idarə etmə orqanlarıdna çalışanlar islahatlara xələl gətirir. “İki sahil”