Milli Məclis İran parlamentinə bəyanatla cavab verəcəkbackend

Azərbaycan Respublikasının Milli Məclisi İran parlamentinin İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanat hazırlayacaq.

“Yeni Gundem” xəbər verir ki, bununla bağlı Parlamentin sədri Sahibə Qafarova məlumat verib.

Milli Məclisin sədri qeyd edib ki, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib:

“Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahat olur”.

Milli Məclisin spikeri tərəfindən İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılması təklif edilib.

Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli, komissiyanın üzvləri deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov müəyyən olunub.