Prezidentdən baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı FƏRMANbackend

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. 

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi və ölkədə özəl baytarlıq xidməti müəssisələri vasitəsilə baytarlıq xidmətləri göstərilməsinə mərhələli keçidin təşkili məqsədilə qərara alıram:

1. Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər (bundan sonra – baytarlıq subyektləri) arasında müqavilə bağlanması yolu ilə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində:

2.1.1. xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin siyahısını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.2. karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizmini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təklifləri əsasında müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.3. sahə baytarlıq məntəqələrinin inzibati binalarının və digər dövlət əmlakının bu Fərmanın 1-ci hissəsinə əsasən müqavilə bağlayan baytarlıq subyektlərinə icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında müvafiq tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

3.1. tabeliyindəki baytarlıq idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin idarələrin strukturuna daxil olan sahə baytarlıq məntəqələrinin 2022-ci ilin sonunadək mərhələli şəkildə ləğvi ilə bağlı tədbirlər görsün;

3.2. xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin vahid qaydada təşkili məqsədilə Agentliklə baytarlıq subyektləri arasında bağlanacaq müqavilənin nümunəsini iki ay müddətində təsdiq etsin;

3.3. baytarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (bundan sonra – EKTİS) onların qeydiyyatını və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin elektron qaydada izlənilməsini təmin edən Baytarlıq Xidmətləri Monitorinqi altsisteminin bir il müddətində formalaşdırılmasını təmin etsın.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi:

4.1. baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək məqsədilə baytarlıq subyektlərinin peşəkarlığının və sayının artırılması barədə təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər;

4.2. baytarlıq xidmətlərinin göstərilməsinə dair məlumatların təsərrüfat subyektləri üzrə elektron bazasının yaradılması üçün EKTİS-də həmin təsərrüfat subyektlərinin uçotunu, baytarlıq xidmətlərinin göstərilməsi və heyvan xəstəliklərinə qarşı aparılmış monitorinq, diaqnostika və profilaktika tədbirləri barədə məlumatların sistemə daxil edilməsini təmin etsinlər, habelə mütəmadi təhlilini həyata keçirsinlər;

4.3. heyvan sağlamlığının qorunması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

5.1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanının 1.9.2.1-ci yarımbəndində Agentliyə sahə baytarlıq məntəqələrinin saxlanması və xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət baytarlıq xidmətləri göstərilməsi üçün nəzərdə tutulmuş vəsaitin qalığının Agentliyin hesabına köçürülməsi ilə bağlı tədbirlər görsün;

5.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq baytarlıq xidmətləri göstərilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi, 3.1-ci bəndi ilə müəyyən edilmiş ləğvolma müddəti başa çatanadək ləğv edilməmiş sahə baytarlıq məntəqələrinin maliyyələşməsi və dövlət sifarişi ilə baytarlıq xidmətləri göstərilməsi məqsədilə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

6. Yerli icra hakimiyyəti orqanları baytarlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı baytarlıq subyektlərinə kömək göstərilməsini təmin etsinlər”.