“Qalib ölkənin mediası da, jurnalisti də qalib kimi davranmalıdır” – Bəhruz Məhərrəmovbackend

Azərbaycan milli mətbuatı mürəkkəb və keşməkeşli tarixi inkişaf yolu keçmiş, müxtəlif dövrlərdə ciddi məhdudiyyət və məhrumiyyətlərə məruz qalsa da, özünün ənənəsini, milli üslubunu yaratmağa və qoruyub saxlamağa nail olmuşdur. Eyni zamanda bütün çətinliklərə baxmayaraq Azərbaycan mediası özünün peşəkar milli elitasını formalaşdırmış və jurnalistlərimiz ölkənin taleyüklü məsələlərində həmişə fəal şəkildə mövqe nümayiş etdirmişlər.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Millət vəkili Bəhruz Məhərrəmov bildirib.

Milli Məclisin deputatı açıqlayıb ki, Həzən bəy Zərdabinin simasında Çar Rusiyası dövründə maarifçilik ideyaları ilə milli özünüdərkə əvəzsiz töhfə verən milli media, XX əsrin əvvəllərində artıq dövrün xronikasını yaratmış, milli məfkurəni layiqincə təmsil edən gücə çevrilə bilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti  dövründə isə mətbuatımız müstəqillik, milli kimlik, suverenlik təşviq və təbliğatçısı olmuşdur. Sovetlər qurulduqdan sonra isə media tam dövlət nəzarətinə keçsə də, sovet ideologiyası çərçivəsinə məhkum olunsa və qadağalar, senzuralar Azərbaycan mətbuatının inkişaf tendensiyasına təsir etsə də, gedişat peşəkar və kütləvi mətbuatın formalaşmasına maneə olmamışdır.Azərbaycan mətbuatı məhz sovet dövründə bir çox yeni janrlarla zənginləşmişdir. Xüsusən Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə sovet sistemində adət olunmayan plüralizm milli mətbuatın inkişafında yeni mərhələ olmuş, bu hal müstəqillik yolunda mediamızın rolunu əvəzsiz etmişdir. SSRİ-nin tanınmış ali məktəblərinə təhsil almağa göndərilən milli kadrlar  mətbuatımızda peşəkarlıq səviyyəsinin yüksəlməsinə istisnasız olaraq müsbət təsir göstərmişdir. Təsadüfi deyil ki, milli azadlıq hərəkatı başlananda məhz Ulu Öndərin himayəsində yetişən jurnalistlər ordusu milli mücadilədə də öz milli mövqeyi və yorulmazlığı ilə proseslərin gedişatına əvəzsiz təsir göstərmişdir”.

B.Məhərrəmov vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra sosializmdən yeni formasiyaya keçid periodu ağrılı olmuş, xüsusən AXC-Müsavat dönəmində milli mediaya basqılar artmış, dövrün məmurlarının redaksiyalara basqınları, jurnalistləri canlı efirdəcə döymələri halları adi hal almağa başladı.

Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışı tendensiyanı dəyişmiş, ölkədə senzuranın ləğvi ilə milli mətbuatın inkişafında yeni dövr başlamışdır.Prezident İlham Əliyevin hakimiyyəti illəri isə Azərbaycan mediası üçün qızıl dövr hesab olunmalıdır. Xüsusən jurnalistlərin maddi təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, alınan bir sıra güzəşt xarakterli qərarlar mühüm səhifə hesab edilməlidir. Eyni zamanda məhz cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığımız qələbə Azərbaycan jurnalistini zəfərin müjdəçisinə çevirdi ki, təqribən əsr yarımlıq tarixində bu dövr Azərbaycan milli mediasının ən şərəfli periodu hesab edilir. Əlbəttə, hazırda mətbuatdan gözləntilər klassik mənada baxışlardan xeyli fərqlənir. Artıq informasiya anlayışı mətbuatın digər hədəflərini kölgədə qoyub. Xüsusən sürətli informasiya və çevik reaksiyalar, üstəlik ən müasir texnoloji vasitələrin imkanlarının tətbiqi şəraitində, güclü rəqabət mühitində peşəkar jurnalistlər və rəqabət qabiliyyətli media yetişməkdədir. Təəssüf ki, eyni zamanda “bəşəri ideallar”, “azad söz” və “yaradıcılıq azadlığı” pərdəsi altında pozucu meyillər də müasir mediada ciddi vüsət alıb. Xüsusən, xaricdən maliyyələşən və antimilli mövqeli muzdlu media formalaşıb. Əlbəttə, ilk növbədə bu tendensiyalara son qoyulması, peşəkarlığın və peşə etikasına sədaqətin ön plana keçdiyi dövlətçiliyə ali dəyər kimi yanaşan media strukturlarının sayının artmasına ciddi ehtiyac var. Sevindirici məqamdır ki, bu çağırışa və yeni situasiyada medianın qarşısında duran vəzifələrin müəyyənləşməsi məsələsinə də ilk reaksiya Azərbaycandan gəlməkdədir. “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu ni baxəmdan xüsusi qeyd edilməlidir.  Məhz bu tədbirin nəticəsi olaraq 49 dövlətdən 150 xarici qonaq, 34 ölkədən informasiya agentlikləri, 12 beynəlxalq təşkilat Azərbaycanın mədəniyyət paytaxı Şuşadan dünyaya möhtərəm Prezidentin vizyonu ilə baxmaq imkanı qazandı. Bu isə haqq səsimizin və beynəlxalq hüququn aliliyi barədə çağırışlarımızın daha geniş platformada səslənməsi imkanı kimi informasiya müharibəsində ciddi qələbəmizdir. Müsbət haldır ki, bu gün dövrün tələbləri ilə uzlaşmaqla bərabər həm də ənənələri yaşatmaqla,  məhz müasir dövrün media modelini qura bilmiş xeyli sayda media orqanlarımız var. Güclü jurnalistika güclü dövlətçilik deməkdir. Müharibədə qalib gəldiyimiz kimi informasiya savaşında da qalibiyyətimizin davamlılığını təmin etmək üçün bizim əqidəli, qərəzsiz milli jurnalistikaya ciddi ehtiyacımız var. Qalib ölkənin mediası da, jurnalisti də qalib kimi davranmalıdır. Milli mətbuatın yaranma günündə mən müzəffər ölkənin hər bir jurnalistinə can sağlığı, yaradıcılıq uğurları, xoş, firavan həyat, o cümlədən daim qalib olmağı, hər bir media orqanına isə uğurlu fəaliyyət arzu edirəm”,-deyə o qeyd edib.