Səhiyyə Nazirliyi Cavanşir Feyziyevə məxsus olduğu bildirilən şirkətdən 3 milyonluq dərman alır – FOTObackend

Səhiyyə Nazirliyinin tabeliyindəki “Səhiyyənin Təminat Mərkəzi” xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilən dərman preparatları alır.

“Yeni Gundem” xəbər verir ki, qurum dərmanların satın alınması ilə bağlı “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə müqavilə bağlayıb. 382 adda dərman preparatının sifarişi üçün imzalanan müqavilənin dəyəri 2 830 799,07 manatdır.

Qeyd edək ki, nazirlik bundan əvvəllər də sözügedən şirkətdən dəyəri milyardlarla manatla ölçülən dərman preparatları alıb.

“Avromed Company”nin Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus olduğu barədə mətbuatda məlumatlar dərc olunub. Amma Cavanşir Feyziyevin tərcümeyi halında isə qeyd edilib ki, o, 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində işləyib. Buna baxmayaraq, deputat 2013-cü ildə İngiltərəyə səfər etmək üçün viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin baş direktoru kimi təqdim edib. Bu barədə İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda bildirilir. 2020-ci ildə isə şirkətin yaydığı açıqlamada qeyd edilir ki, Cavanşir Feyziyev 2010-cu ilə qədər “Avromed”in direktoru vəzifəsində çalışıb, 2016-cı ildə isə səhmlərini satıb.