“Qarabağın incisi, mədəniyyət beşiyi olan Şuşa bu gün dünyada səs salan tədbirlərə ev sahibliyi edir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatmış hesab olundu. Böyük fəxarət hissi ilə deyə bilərik ki, Şuşanın işğaldan azad olunması Azərbaycan xalqının və Rəşadətli Ordunun cəsarətinin-zəfərinin rəmzidir. Prezident İlham Əliyevin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda ll Şuşa Qlobal Media Forumunda iştirakı və açılış mərasimində çıxışı, tədbirin önəmindən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva deyib.
Deputat bildirib ki, hər il dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı qonaqlara ev sahibliyi edən Forum artıq ənənəyə çevrilmiş və mediamızın inkişafına da böyük təsirini göstərir: “Forumda aktual məsələlər müzakirə olunur, ən əsası isə Azərbaycan həqiqətləri dünyaya çatdırılır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Forumda çıxışı zamanı qeyd etdi ki, bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur.
“Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”.
Bəli, uzun illər ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı dezinformasiya yayılır və doğru olmayan məlumatlar dünya mediasında işıqlandırılırdı.
İlk forumda cənab Prezident, Azərbaycan ölkəsindədə media qurumlarının işini yüksək səviyyədə quraraq işləməli olduqlarını, dövlətimiz üçün mühüm önəm daşıyan xəbərə, yaxşı və ya pis hazır olmalarını vurğulamışdır. Bu vurğu bu gün də aktuallığını qoruyur, çünki medianın üzərinə böyük məsuliyyət düşür.
Dünya mediasında, Azərbaycan torpaqlarının işğalı 30 il davam etsə belə, bizi dünyada təcavüzkar kimi təqdim edirdilər. Bu isə medianın bu məsələni işıqlandırmaması, obyektiv olmamasından irəli gəlirdi. Bununla da Azərbaycan siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində beynəlxalq sanksiyalara məruz qalırdı. ABŞ 1992-ci ildə Azərbaycana qarşı haqsız olaraq sanksiyalar tətbiq edibdir və bunda medianın da böyük rolu olub, doğru məlumatı araşdırmadan çatdırılması, tərəf tutmaq və həmin vaxtda humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə haqsızlığa düçar olaraq, sanksiyalara məruz qalmışdır.
Azərbaycanda sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Bu gündə ölkəmiz Cənubi Qafqaz regionunda inkişafına görə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində apardığı islahatlara görə dünya mediasının diqqət mərkəzindədir. Azərbaycan həmçinin bu gün qaytardığı torpaqlarda apardığı quruculuq-bərpa işləri ilə, keçirilən beynəlxalq tədbirləri ilə də dünya gündəmindədir. Biz olmazı etdik və özümüz öz taleyimizi dəyişdirdik. Bir çox ölkələr bizə həsəd edir. Əminliklə deyə bilərik ki, aparılan bu siyasət davamlı və uğurlu olacaqdır.
50 ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldıqları Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır və Forum vasitəsilə yenə də Şuşadan dünyaya növbəti dəfə önəmli mesajlar ötürüldü.
Çox hayıf ki, İnkişaf edən və inkişaf etmiş ölkələr arasında bu gün çox böyük qeyri-səmimiyyət, qarşılıqlı ittihamlar var. Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları da dəstəkləməyə davam edəcək.
Azərbaycan hər zaman sülhün və doğruluğun tərəfindədir və hər kəsə ədalətli yanaşılmasını tələb edən sözünü demiş, qüdrətli ölkədir!”