Şok səs yazısı yayıldı: “Diqqətlə araşdırılır”backend

“Russia Today” qəzetinin baş redaktoru Marqarita Simonyan Almaniya hərbi rəsmiləri ilə Ukrayna arasında “Taurus” qanadlı raketlərinin çatdırılması ilə bağlı danışıqların 38 dəqiqəlik səs yazısını yayımlayıb.

Səs yazılarında Almaniya kansleri Olaf Şolz razılaşarsa, raketlərin çatdırılması, eləcə də hərbi hədəflərin və Ukrayna əsgərlərinin təlimi ilə bağlı məsələlər müzakirə edilib.

Səs yazılarında hədəflərdən birinin Rusiyanın ilhaq etdiyi Krımla Rusiya torpaqlarını birləşdirən Kerç körpüsü olduğu bildirilir.

Simonyanın sözlərinə görə, alman zabitləri Krım körpüsünü necə vurmağı müzakirə edirlər.

Alman mediası səs analizinə görə səs yazısının real olduğunu yazıb və sızmanın arxasında Rusiya kəşfiyyatının olduğunu iddia edib.

Sözügedən danışıqların Almaniyanın müdafiə naziri Boris Pistoriusu məlumatlandırmaq məqsədi daşıdığı bildirilsə də, Rusiya Xarici İşlər Nazirliyi sosial mediada verdiyi açıqlamada Almaniyadan açıqlama gözlədiyini qeyd edib. Almaniya Müdafiə Nazirliyi genişmiqyaslı araşdırmaya başlanıldığı və bütün lazımi addımların atıldığı açıqlayıb.

Almaniya kansleri Olaf Şolz da susqunluğunu pozub. Şolz Romaya səfəri zamanı verdiyi açıqlamada səs yazılarının sızmasının çox ciddi məsələ olduğunu bildirib, məsələnin çox diqqətlə, intensiv və sürətlə aydınlaşdırıldığını qeyd edib.

Musavat.com