Türkiyədə son 21 il ərzində ümumi təyyarə sayı 489-dan 1813-ə çatıb.
“Yeni Gundem” türk KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Sabiha Gökçən hava limanının ikinci eniş-qalxış zolağının açılış mərasimində deyib.
Türkiyə prezidentinin sözlərinə görə, son 21 il ərzində ölkənin hava limanlarının terminallarında sərnişin tutumu artaraq 55 milyondan 337 milyon 450 min nəfərə çatıb.
“Beynəlxalq uçuşlara 283 yeni nöqtə əlavə edilib. Bununla da 50 ölkədə 60 nöqtəyə edilən uçuş sayı 130 ölkədə 343 nöqtəyə, ümumi hava nəqliyyatı vasitələrinin sayı isə 489-dan 1813-ə çatıb”, – o deyib.
Hava limanının 2021-ci ildə daxili və beynəlxalq xətlərdə təxminən 181 min uçuş trafiki ilə 25 milyon sərnişini qəbul etdiyini deyən Türkiyə prezidenti 2022-ci ildə bu rəqəmin 31 milyon sərnişinə çatdığını qeyd edib.
2023-cü ilin ilk 11 ayında 208 min uçuşla sərnişin sayının ötən illə müqayisədə 21 faiz artaraq 34 milyona çatdığını deyən Türkiyə lideri yeni zolağın istifadəyə verilməsi ilə bu rəqəmin daha da artacağını əlavə edib.
“Yeni uçuş-enmə zolağının istifadəyə verilməsi ilə Sabiha Gökçen Beynəlxalq Hava Limanı ildə 85 milyondan çox sərnişini qəbul edə biləcək”, – o deyib.