STM-in 2 il əvvəl tikilən binası yenidən təmir olunurbackend

“Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka) qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tenderin qalibi “Hentor” MMC (VÖEN- 4501661371) olub.

Tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət STM-in inzibati binasında cari təmir işləri həyata keçirəcək və qarşılığında 18 min 498 manat 50 qəpik alcaq.

Açıqlanan məlumatlarda göstərilir ki, binanın girişindəki elektrik şiti yararsız vəziyyətə düşüdüyü üçün dəyişdiriləcək. Eyni zamanda akt zalında yağış sularının təsirindən yararsız vəziyyətə düşən divar kağızı qaşınaraq təmizlənəcək (57 kv. metr), yararsız elektrik kabeli divarın içindən söküləcək (78 metr). Həmçinin mətbəxtdə su və kanalizasiya xətləri (8 metr) yenilənəcək, arko kranlar dəyişdiriləcək.

Qeyd edək ki, həyata keçiriləcək cari təmir ümumilkdə 45 müxtəlif işi əhatə edəcək.

Məlumat üçün bildirək ki, STM-in “Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 18” ünvanında yerləşən inzibati binası cəmi 2 il əvvəl tikilib.

Belə ki, 2 il əvvəl STM 2 mərtəbəli (+zirzəmi) binanın tikintisi üçün “TVM İnşaat” MMC-yə  (VÖEN- 1101408601) 1 milyon 810 min manat vəsait ödəyib. Açıqlanan rəsmi məlumatlarda binanın ümumi sahəsinin isə 2091,3 kv. metr olacağı bildirilib. Rəqəmlərdən də göründüyü üçün obyektin 1 kv. metrinin tikintisi 866 manata başa gəlib.

Onu da qeyd edək ki, 2 il əvvəl tikilən binada yenidən təmir işləri aparacaq “Hentor” MMC 16 fevral 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonunun Amsar kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Kamran Kəmaləddin oğludur.

Şirkətlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, eyni gündə (16.02.2018-ci il) eyni ünvanda (Quba rayonunun Amsar kəndi), eyni nizamnamə kapitalı (10 manat) ilə daha 4 şirkət – “Sendra” MMC (VÖEN – 4501661241), “Pro Gold” MMC (VÖEN – 4501660991), “Gold Premium” MMC (VÖEN – 4501661111) və “Fortran” MMC (VÖEN – 4501661091) də qeydiyyata alınıb. Qeydiyyata alınan 5 şirkətin hamısında qanuni təmsilçi eyni şəxs – Əliyev Kamran Kəmaləddin oğlu olub.

Bu şirkətlər barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətlərin rəsmi veb-saytları və sosial şəbəkə hesabları mövcud deyil. Açıqlanan rəsmi məlumatlardan isə belə görünür ki, Əliyev Kamran Kəmaləddin oğlunun rəhbərlik etdiyi şirkətlərdən birinin “Fortran” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 16 min 797 manat 29 qəpik vergi borcu (18.12.2023-cü il tarixinə) var.

Xatırladaq ki, STM-in İdarə heyətinin sədri millət vəkili Zahid Orucdur. Zahid Oruc bu ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürüb.