Suisid – özünəqəsd yoxsa manipulyasiya – FOTObackend

Bu gün – 10 sentyabr ümumdünya intihara qarşı mübarizə günüdür.

Suisid – ruhi pozğunluq və ya kəskin psixi xəstəliklərin fonunda, psixotravmatik hadisələrin təsiri altında həyatın dəyərinin, mənasının itirilməsidir. Bütövlükdə səbəblərin kökündə yalnız şəxsiyyətin deformasiyası deyil, cəmiyyətin sosial-iqtisadi və mənəvi-əxlaqi mühiti də önəm kəsb edir.
Özünəqəsd real ve qeyri-real formada təzahür edə bilər. İlk halda suisid səbəbi aydındırsa, ikinci halda insanlar bu davranışın vasitəsilə ətrafdakılara təyziq göstərməklə, onların hiss və davranışları ilə manipulyasiya etməklə özlərinə hər hansı bir “mənfəət” qazanırlar. Psixoloji nöqteyi-nəzərdən insan çətin həyati hadisələrin təsirindən böhranla qarşılaşır və bu böhrandan çıxış yolunun olmaması kimi qiymətləndirilir. Başqa sözlə, bu xarici təsirlər altında daxili tarazlığın pozulması və ya sınmasıdır. Həyatın əsas qayəsində şəxiyyətin özəyini təşkil edən “mən”in aktuallaşması, güclənməsi və həyati planın yerinə yetirilməsi durur.
“Mən” insanın özünüdərklə xarakterizə olunan və rallığa uğunlaşan şəxsi sferasıdır. İnsan yaranmış hər hansı bir hadisə qarşısında çətinlik çəkirsə, yenidənqurmaya ehtiyacı olan məsələ öncəki təcrübəsi ilə ziddiyyət yaradırsa bu vəziyyət həyati təhlükə kimi qiymətləndirildikdə hadisə ya təhrif olunur, ya da inkar edilir, “mən” reallıqla əlaqəni itirir. Beləcə “mən” öz şəxsi təcrübəsinə inanmamağa başlayır və zamanla özünə güvəni tamamilə itirir. Tamamilə təklik, inamsızlıq, həyata qəzəb və ikrah yaranır. İnsan ölümdən qorxmadığı qədər yaşamdan qorxmağa başlayır.
Son dövrlər suisidal davranışların kökündə insanın aidlik, uğur, avtonomiya, tərbiyədə anlayış kimi əsas təlabatları ilə bağlı frustrasiyanın yaranması, yəni gözləntilərin reallaşmaması da qeyd olunur. İntihara cəhd əsasən 2 yaş dövründə daha aktual ola bilir. İlk olaraq 15-24 yaş arası. Bu dövrdə ailənin və ya cəmiyyətin insana qoyduğu yüksək tələblər və gözləntilərə cavab verə bilməmək əsas aparıcı qüvvədirsə, ikinci dövr 40-60 yaşı əhatə edir. Bu dövrdə isə sağlamlıqla bağlı çətinliklər, hormonal dəyişikliklər, depressiya, övladların ailədən uzaqlaşması, peşəkar sahədə yaranan çətinliklər, iş qabiliyyətinin itirilməsi mühüm rol oynaya bilir. Həyata küsmüş insanlarla rastlaşdıqda, onları həyata qazandırmaq istəyiriksə ünsiyyət dairəmizi genişləndirməkdə, ehtiyac duyulduğu halda mütəxəssislərə yönləndirməkdə fayda var. Ümumən cəmiyyətlər bu kimi hallarla rastlaşmaq istəmirsə uşağın böyüməsində fiziki və psixi inkisafın önəmli olduğuna əhəmiyyət verilməli, insanın daxili potensialının fərqinə varılmalı və buna uyğun inkişafda dəstəkçi olmaldır. Bu işdə əsas vəzifə ilk olaraq ailənin, daha sonra isə uşaq bağçaları, məktəblərin üzərinə düşür.
İnsanın həyatın mənasını, yaşamın gözəlliyini anlayaraq böyüdülməsi önəmli faktordur. Və sosial mühit də insanın əməyinin faydalılığını dəyərləndirə bilməlidir. Suisid qarşısı alına bilən ölüm səbəbidir. Vaxtında göstərilən diqqət-qayğı insan həyatına bərabər əhəmiyyətli işdir.

Aysel Həsənova,
Psixoloq