Bu il Türk dünyasının əfsanəvi qəhrəmanı, rəşadəti ilə tariximizə Bakının işğaldan azad olunması günü kimi yazılmış, əslində Azərbaycanın erməni işğalından azad edilməsində misilsiz xidmətləri olmuş, Orta Türküstan, Orta Doğu Türküstan, Qafqaz Türküstanı uğrunda böyük şücaət və fədakarlıqlar göstərmiş, ömrünün son gününədək Turan xəyalları ilə yaşamış, Qafqaz İslam Türk Ordusunun Paşası Nuru Killigilin doğumunun 135 və ölümünün 74-ci ildönümüdür.
Azərbaycan xalqı ən dəhşətli repressiya maşını olan Sovet dövründə belə öz xilaskar oğlunu unutmadı. Qədirbilən xalqımız Azərbaycanın, Bakının işğaldan azad edilməsində Nuru Paşaya və onun bərabərində gəlmiş Qafqaz İslam Türk Ordusunun hər bir məhmədciyinə daima rəhmət oxumuş və ruhu ehtiramla xatırlanmışdır. Nuru Paşa qısa və çox şərəfli həyatında son nəfəsinədək Azərbaycan xalqının taleyini və onun müstəqil dövlətinin gələcəyini düşünmüşdür. Nuru Paşa Azərbaycanın Turanın qəlbi olduğunu bilirdi. Ona görə də sovet bolşevizminin, onun “ Qızıl” Ordusunun Azərbaycan Cumhuriyyətini işğal etməsini heç cürə qəbul edə bilmirdi.
Çox təəssüf ki,1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasını Nuru Paşa görmədi. Allaha çox şükürlər olsun ki, bugün artıq Nuru Paşanın xəyallarında canlandırdığı və arzuladığı vahid və böyük Türk Dünyasının fidanları meyvələrini verir və onun ruhu şaddır.
Bu mənada Azərbaycanın Müzəffər Milli Ordusunun 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin də böyük siyasi və mənəvi dəstəyi ilə erməni faşizmi və dünya erməniliyi üzərində qazandığı möhtəşəm Zəfər onun ruhuna ən böyük hörmət və ehtiramdır.
Son olaraq əminəm ki, tezliklə məğlubedilməz Paşa Nuru Killigilın Bakının ən gözəl yerində abidəsi ucalacaqdır.
Məlahət İbrahimqızı
Milli Məclisin deputat