Türkiyəli deputat AŞPA-nın qış sessiyasından danışdı – ÖZƏLbackend

“Azərbaycan Avropa Şurası Parlament Assambleyası üçün əvəzsiz ölkədir”.

Bu sözləri AŞPA-nın qış sessiyasının ilk iclasında iştirak edən Türkiyənin AŞPA-da nümayəndə heyətinin üzvü, AK Parti Ankara millət vəkili Zeynəp Yıldız “Yeni Gundem”-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, AŞPA-nın verdiyi qərar təkcə Azərbaycanın deyil, ümumilikdə Assambleyanın gələcək fəaliyyətinə dair verdiyi bir qərar oldu. Bu qərar AŞPA-nın getdikcə Avropa Birliyindən ayrıldığını göstərir. Ümumilikdə Azərbaycanın varlığı AŞPA üçün çox qiymətli idi. Çünki Azərbaycan və Türkiyə müsəlman dövləti olsa da, bu ölkələrdə hər bir etnik qrupun üzvləri təmsil olunur:

“AŞPA-nın hazırkı mövqeyi getdikcə qapalı qurum olduğunu göstərir. Bu isə AŞPA-nın quruluş fəlsəfəsinə çox ziddir. AŞPA-nın sessiyasında Türkiyənin bir çox siyasi partiyalarının üzvlərindən ibarət olan nümayəndə heyəti iştirak edib. Nümayəndə heyəti ölkəmizi təmsil etsə də, hər bir partiya səsvermədə müstəqil şəkildə iştirak etmək hüququna malikdir.

“Strasburqda olan səsvermədə AK Partiya üzvləri, Milliyyətçi Hərəkat Partiyası (MHP) üzvləri Perin Yılık, Sədat Partiyası və İYİ Partiya millət vəkilləri Azərbaycanla bağlı qərarın əleyhinə səs verdilər. Ən böyük müxalifət partiyamız olan Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri isə səsverməyə qatılmadı. Kaş ki, CHP də səsverməyə qatılardı. Keçmiş Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiyasının deputatı qanun layihəsinin qəbuluna səs verib. Əslində bu cür vəziyyətlə Türkiyə Böyük Millət Məclisində də rastlaşırıq. Daxili qanunvericilik təkliflərimizi qəbul edərkən də bu cür zidd yanaşmalarla qarşılaşırıq”.

Zeynəb Yıldız vurğulayıb ki, bütün hallarda Türkiyə Azərbaycanın yanındadır:

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq.İstənilən şərtdən asılı olmayaraq, Türkiyə Azərbaycanı dəstəkləyir və dəstəkləyəcək. Sessiyada Türkiyə və Fransa təmsilçiləri olaraq Azərbaycanın AŞPA üçün vacib ölkə olduğunu vurğuladıq”.

ReAl Partiyasının sədri İlqar Məmmədov da öz növbəsində AŞPA-nın qış sessiyasında Türkiyə nümayəndə heyətinin sərgilədiyi mövqeni şərh edib. O bildirib ki, Türkiyənin davranışı diqqəti cəlb edir:

“Türklər Azərbaycan mümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədi: heyətin yarısı iclasa heç gəlmədi (!), gələnlərdən isə bircəsi formal nitqini quru-quru kağızdan oxuyub guya Azərbaycanın tərəfini tutdu. Ukraynalı jurnalistin yazdığına görə, heç pərdəarxası da fəallıq göstərmirdilər. Türklər bu dəfə öz mövqeyi ilə tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər. Bu ondan xəbər verir ki, Türkiyə dünənki hadisəni “ümummilli” məsələ kimi qəbul etmədi. AŞPA-nı və Azərbaycanı eyni sərtliklə çıxış edib küsüşməyə vadar edən geosiyasi motorların işi haqqında Türkiyə nə bilir ki, bildiyini bu cür qəribə mövqeyi ilə bizə çatdırmaq istəyir? Kaş biraz açıq danışsaydılar. Qəliz susdular”.

Qeyd edək ki, ReAl Partiyasının sədri İlqar Məmmədovun bu yanaşması birmənalı qarşılanmayıb və müzakirələrə görə bu yanaşma Türkiyəyə qarşı qərəzi açıq şəkildə göstərir.

Xatırladaq ki, ötən gün Strasburqda baş tutan AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnamə qəbul edilib. Aşpa-ya Türkiyədən 18 millət vəkili qatılıb. Səsvermə zamanı 7 millət vəkili salonda prosesdə iştirak edib. Onlar qeyd olunan sənədlə bağlı səsvermədə əleyhinə səs veriblər. 4 CHP üzvü səsverməyə qatılmayıb, 2 MHP üzvü əleyhinə, 2 DEM (HDP) üzvündən biri lehinə, 1 İYİ Partiya üzvü əleyhinə səs verib. Saadet Partisiyasının bir üzvü isə səsvermədə iştirak etməyib.

Yenigundem.az