Uğurlu başlanğıc yaxşı nəticələr vəd edirbackend

Ölkə Prezidenti bütün vəziyyətlərdə, fors-major situasiyalarda hər zaman təmkinini, müvazinətini, soyuqqanlılığını qoruyub saxlaya bilir və hər zaman xalqına, dövlətinə, insanları­na, vətəndaşlara, ümid, inam yeri, arxa-dayaq olur, onu ümidsizləşməməyə, əksinə, daha da ümidli, inamlı olmağa ruhlandırır. Əsl lider, əsl dövlət rəhbəri də məhz belə olmalıdır və 17 illik hakimiyyəti dönəmində də ölkə Prezidenti daim belə olub, yüksək idarəçilik, təşkilatçılııq, liderlik keyfiyyətləri nümayiş etdirib.

Koronavirusun tüğyan etdiyi bir vaxtda Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə də bunu təsdiqlədi. Müşavirədə dünyada və ölkəmizdə yaşanan koronavirus pande­miyası, bunun cəmiyyətə, iqtisadi inki­şafa, siyasi-iqtisadi islahatlar prosesinə təsirlərindən geniş və ətraflı şəkildə bəhs edildi. Ölkə Prezidenti yaşananlara baxmayaraq, göstəricilərin ümumlikdə yaxşı olduğunu və postpandemiya dövründə əvvəlki inkişaf , islahatlar xəttininin davam etdiriləcəyini, uğurlara nail olunacağını qətiyyətlə və əminliklə bildirdi. Bir daha aydın oldu ki, ölkəmiz bu ilin yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurub. Belə ki, ümu­mi daxili məhsul (ÜDM) 3 faizə yaxın artıb, qeyri-neft sektorunda, təxminən, 7 faizə yaxın artım olub.

Bütövlükdə, üç ayı götürsək, ÜDM 1,1 faiz artıb. Qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artım var. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz nəticəsini verməkdədir. Əhalinin gəlirlərindəki artım 7 faizə yaxındır. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil ediblər. Nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, cənab Prezidentin də vurğuladığı kimi, bu, yaxşı nəticədir, yenə də şəffaflıqla bağlı olan tədbirlərin bariz nümunəsidir.

Müşavirənin və ölkə Prezidentinin çıxışının ən mühüm məqamlarından biri də odur ki, ilin sonuna qədər so­sial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan da artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxın­larda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılıb və bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, ediləcək. Üstəlik 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Özü də bu vəsait 2,5 milyard manatın içində deyil.

Orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artma­sı da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. Artıq orta aylıq əməkhaqqımız 712, orta pensiya isə 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Bununla belə, maaşlar, pensiyalar ildən-ilə artırılır. Təsadüfi deyil ki, ötən il 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqram­lardan yararlanıb. Eyni zamanda, bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Mini­mum 7 min məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək və təxminən 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.

Bunlar insanı sevindirməyə, qü­rurlandırmaya bilməz. Belə çətinliklər içərisində, dünyada iqtisadiyyatın çök­düyü bir dönəmdə bu kimi addımların atılması sözlə ifadəsi mümkün olmayan bir uğurdur. Bu, Azərbaycan nümunəsi, Azərbaycan modelidir və bunun da tək ünvanı, tək müəllifi var– Prezident İlham Əliyev!

Azərbaycan ölkə Prezidentinin müd­rik rəhbərliyi altında xalqımızla birlikdə yeni xariqələr yaradacaq, yeni–növbəti zəfər tarixi yazacaq. Hər kəs buna əmin olsun!

Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı, BDU-nun professoru