Ali təhsil müəssisələrinə daxil olmaq istəyən subbakalavrların elektron ərizələrinin qəbulu müddəti iyulun 10-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, subbakalavrlar Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndəriləcək.
Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. Ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Xatırladaq ki, subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir. “SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.
Xatırladaq ki, ərizə qəbulu iyunun 1-dən başlayıb.