Uqanda Respublikasının Hoima şəhərində “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzinin açılışı baş tutub.
”Yeni Gundem” xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa və digər qonaqlar iştirak ediblər.
Azərbaycan və Uqanda bayraqlarının ucaldıldığı tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Uqandalı nazir Azərbaycan Prezidenti və Dövlət Agentliyinə ölkəsində xidmət mərkəzlərinin yaradılmasına verdiyi dəstəyə görə təşəkkür edib. Eyni zamanda “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək yeni xidmət mərkəzinin Afrikada yerləşən digər ölkələrə də nümunə olacağını qeyd edib.
Ülvi Mehdiyev bu əlamətdar hadisə münasibətilə Uqanda tərəfinə təbriklərini çatdırıb və bundan sonra da “ASAN xidmət”in dövlət xidmətlərinin təkmilləşdirilməsində dəstəyini ifadə edib.
Ardınca Mərkəzin inzibati binasının qarşısında xatirə lövhəsi yerləşdirilib və burada fəaliyyət göstərəcək xidmətlərlə tanışlıq baş tutub.
Uqandanın ilk regional xidmət mərkəzi olan Dövlət Xidmətləri Mərkəzində 14 dövlət qurumunun 30-dan çox xidməti həyata keçiriləcək.
Tədbir çərçivəsində uqandalı nazirə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı da təqdim edilib.
Sonda Uqandanın milli musiqiləri və rəqsləri nümayiş etdirilib.
Dövlət Agentliyinin nümayəndə heyəti səfər çərçivəsində bu ölkənin Prezidenti Yoveri Kaquta Museveni tərəfindən qəbul edilib, həmçinin bir sıra nazirliklərdə, qurumlarda işgüzar görüşlər keçirib. Görüşlərdə hər ilk ölkə arasındakı münasibətlərin dərinləşdirlməsi, müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf istiqamətində müzakirələr aparılıb.
21 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumun məqsədi Uqanda Respublikasında dövlət xidmətlərinin göstərilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmə bacarıqlarının artırılmasıdır.
Hazırda Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20 dən çox ölkə ilə əməkdaşlıq davam edir.