Xalq şairi Musa Yaqub vəfat etdibackend

Azərbaycanın xalq şairi Musa Yaqub vəfat edib.

O, uzun müddət davam edən xəstəlikdən sonra bu gün 83 yaşında dünyasını dəyişib.

Mərhum Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. O, ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub.

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasının sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adlarına layiq görülüb.