“Prokurorluq ulu öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu”.
Bu barədə Azərbaycanın Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin “Respublika” qəzetində “Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan güvənli əllərdədir” sərlövhəli məqaləsində qeyd edilib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev daim xatırlanacaq və əziz xatirəsi yüksək ehtiramla yad olunacaq:
“Göründüyü kimi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti bu gün də millətimizə və dövlətimizə fayda verməkdədir. Müdrik siyasəti zamanın tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin digər dövlət başçılarına örnək olan mükəmməl rəhbərliyi sayəsində Azərbaycan daha da qüdrətlənir və xalqın rifahının hərtərəfli yaxşılaşdırılır.
Bu gün dövlət başçısına ünvanlanan minnətdarlıq məktublarının səngiməməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə insanların məmnunluq hissləri ilə dolu təşəkkürlərini ifadə edən müraciətlərinin ardı-arasının kəsilməməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli maraqlara xidmət edən siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənilməsinin təzahürü, ümummilli liderə, eləcə də ölkə rəhbərinə və Birinci vitse-prezidentə olan sonsuz xalq sevgisinin təcəssümüdür”.
“Ulu öndərin uzaqgörən mükəmməl siyasi strategiyasının, ölməz ideyalarının və dəyərli tövsiyələrinin Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rol oynayacağına, dövlət başçısının rəhbərliyi ilə respublikamızda həyata keçirilən hərtərəfli islahatlara, görülən nəhəng işlərə böyük töhfələr, ölkənin sürətli və davamlı inkişafına ciddi dəstək verəcəyinə hər kəs əmindir. Odur ki, xalqımızın və vətənimizin taleyində müstəsna rolu olan, istiqlalımızın və firavan istiqbalımızın müəllifi, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev daim dərin məhəbbətlə xatırlanacaq, nəhəng tarixi şəxsiyyətin doğum günü hər il respublikamızda, eləcə də ölkə hüdudlarından xeyli uzaqlarda böyük təntənə ilə qeyd ediləcək, əbədiyaşar liderimizin əziz və unudulmaz xatirəsi həmişə yüksək ehtiramla yad olunacaq”, – deyə hərbi prokuror əlavə edib.