XİN: Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir və bunun qurbanı təkcə Azərbaycan deyilbackend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Terror Qurbanlarının Xatirəsini Anma Günü ilə bağlı “X” hesabında paylaşım edib.

“Yeni Gundem”-in xəbərinə görə, paylaşımda deyilir ki, erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil.

“Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Erməni terror təşkilatları Azərbaycana qarşı ərazi iddialarının ardınca 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıblar. Azərbaycanın mülki əhalisinə qarşı ictimai avtobusların və metro qatarlarının partladılması daxil olmaqla 30-a yaxın irimiqyaslı terror aktı törədilib. Bu gün biz erməni terrorunun günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik”, – XİN-dən bildirilib.