“Yağış hər dəfə Bakının “kosmetikasını” yuyur, bütün problemləri üzə çıxarır”backend

“Yağış hər dəfə Bakının “kosmetikasını” yuyur, bütün problemləri üzə çıxarır. Yaxşı, nə etməli?! Böyük Şəhər Bələdiyyəsinin yaradılması və seçkili Mer institutunun təsisi problemlərin həlli üçün önəmli addım ola bilər. Çünki bu gün haqlı-haqsız “söyülən”, tənqid edilən Bakı Şəhəri İcra Hakimiyyəti mənasız qurumdur, şəhər təsərrüfatı tam olaraq onun əlində deyil. Yol tikintisi tam əlində deyil, qismən müdaxilə edə bilir, su-kanalizasiya sistemi “Azərsu”dan asılıdır, nəqliyyat sistemi əlində deyil, elektrik şəbəkəsi və qaz təminatı ondan asılı deyil. Bakı Şəhər İcra Hakimiyyəti torpaq və sərəncam satan orqandır, pul qazanmaq mənbəyidir, amma şəhər idarəçiliyi deyil”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Yaxşı, mer seçilsə, bütün problemlər həmən həll olunacaqmı?! Əvvəla, xeyr, olmayacaq, ikincisi də səlahiyyətlərin çərçivəsindən asılı olacaq – əsl yerliözünüidaetmə institutu kimi təsis olunsa, bütün şəhər təsərrüfatı BŞB-nə həvalə edilsə, addım-addım problemlərin həllinə doğru gedə bilərik. Amma onu da bilək ki, şəhəri sahmana salmaq fədakarlıq və milyardlarla dollar vəsait tələb olunacaq. O mənada fədakarlıq ki, bu gün şəhərin mərkəzi hissəsində eybəcər binaların sökülməsinə o evlərdə yaşayan camaat necə baxacaq?! Mülkiyyət hüququ məsələsi necə həll olunacaq?! Şəhərin yaşanabilər hala gəlməsi üçün onlar da fədakarlıq edəcəklərmi?! Daha bir önəmli məsələ şəhərin yükünün azaldılmasıdır. Bunun üçün unikal şərait yaranıb. Biz yaxın 9 ildə, 2030-cu ilə qədər işğaldan azad edilən ərazilərə 1,5 mln. vətəndaş köçürməliyik, orada iqtisadi fürsətlər Bakıdan yaxşı olmalıdır. Bundan başqa ölkədə mütləq ikinci milyonluq şəhər yaranmalıdlr – ərazi, əhali, Qarabağ və Şərqi Zəngəzura coğrafi yaxınlıq və logistik uyğunluğa görə. Bu, Gəncə şəhəri olmalıdır.

Beləliklə, normal, işlək, qanunun aliliyi, iqtisadi azadlıqlar təmin edilmiş sistem qurmalıyıq ki, həm işğaldan azad edilən torpaqlar ölkəyə iqtisadi yük deyil də, yeni inkişaf mərhələsi üçün “driver” olsun, nəticədə də Bakının əhalisi optimal olaraq 2 milyon civarına düşsün. Yəni, bir yağış probleminə açıq göz və ağılla baxsaq, yenə də sistem dəyişikliyinə qədər gedib çıxırıq” – N.Cəfərli qeyd edib.