Yalova Festivalında Azərbaycanın Vətən müharibəsində Qələbəsinin əhəmiyyəti xüsusi vurğulanıbbackend

İyirmi ildən artıqdır ki, Türkiyənin Yalova Folklor Təhsil Mərkəzi (YAFEM) təşkilatının təşəbbüsü ilə Yalova şəhərində keçirilən türk boyları mədəniyyət festivalının başlıca məqsədi məhz türk dünyasının mənəvi-mədəni birliyini möhkəmləndirməkdən ibarətdir. İyulun 16-da başlayan növbəti – 24-cü festival beş gün davam edib.
Yalovada yaşayan soydaşımız, “voicepress.com.tr” Beynəlxalq Xəbər və Araşdırma Mərkəzinin sədri Ülkər Fərmanqızı  bildirib ki, tədbir çərçivəsində Türk dünyası jurnalistlərinin 15-ci görüşü də keçirilib. Görüşdə türk mədəni coğrafiyasının əsas problemləri, Qarabağda yeni prosesin Türkiyə və türk dünyası baxımından qiymətləndirilməsi və sair məsələlər müzakirə olunub.
İkinci Qarabağ müharibəsində Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməyə müvəffəq olduğunu vurğulayan Ü.Fərmanqızı deyib: “Bu 44 günlük müharibə zamanı Azərbaycan şanlı Qələbə qazanmaqla yanaşı, dünya ictimaiyyətinə Ermənistanın işğalçı, terrorçu və separatçı olduğunu sübut etdi. Qarabağ Zəfəri Prezident İlham Əliyevin qətiyyətli siyasəti, müzəffər Azərbaycan Ordusunun gücü və xalqın həmrəyliyi, qardaş Türkiyə ilə mövcud yüksək səviyyəli münasibətlər sayəsində əldə edilib. Azərbaycan işğala son qoydu, terrora qalib gəldi, regionda sülh üçün əlindən gələni əsirgəmədiyini nümayiş etdirdi. Azərbaycan bu şanlı Zəfərlə BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini icra etdi”.
Görüşə Bakıdan onlayn qoşulan Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Sahib Alıyev, professor Həvva Məmmədova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri jurnalist Fuad Hüseynzadə çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığından və dostluğundan, Şuşa Bəyannaməsinin, Laçın və Zəngəzur dəhlizlərinin əhəmiyyətindən danışıblar.
Natiqlər bütün dünyada Türkiyənin və Azərbaycan diasporlarının həmrəyliyindən, erməni yalanlarının ifşa olunması üçün atılacaq addımlardan bəhs ediblər.
Türk dünyasının bu istiqamətdə fəaliyyətlərinin planlı və davamlı olması üçün jurnalist Fuad Hüseynzadə tərəfindən Türk Xalqlarının Strateji Müdafiəsi Qurumunun yaradılması təklif olunub. Bu təklif tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Jurnalist Ülkər Fərmanqızı Türk Xalqlarının Strateji Müdafiəsi Qurumunun daha əhatəli şəkildə olmasını vurğulayaraq, Türk Xalqlarının və Türk Toplumlarının Hüquqlarının Müdafiəsi Mərkəzi adı ilə yaradılmasının və təbliğatın son dərəcə səmərəli ola biləcəyini söyləyib.
Tədbirdə 16 maddədən ibarət olan Yalova Bəyannaməsi qəbul olunub. Bəyannamənin 3-cü maddəsində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin əhəmiyyəti, regionda yaranmış yeni reallıqların perspektivləri xüsusi qeyd edilib.
Sonda “Şuşanın dağları” mahnısı azərbaycanlı gənc Fərman Musazadə tərəfindən tarda ifa olunub.

Yenigundem.az

Ayşən Rəhim