Bu gün Milli Məclis köhnə tərkibdə sonuncu iclasını keçirdi. Hazırda deputat mandatı daşıyan şəxslərdən yalnız biri – Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov istisna olmaqla, millət vəkillərinin hamısı “vida toplantısı”nda iştirak etdi.
Yenisabah.az xəbər verir ki, parlamentin növbəti iclası yeni tərkibdə baş tutacaq. Məlumatlara görə, hazırda millət vəkili statusuna sahib olan ən azı 30 deputat parlamentin yeni tərkibində təmsil oluna bilməyəcək. Bu siyahıda kifayət qədər tanınmış YAP-çının, özünü müstəqil və müxalifyönlü hesab edən ictimai-siyasi xadimin adı var.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, hakim partiya bu dəfə özünün namizədlər siyahısını tərtib edərkən, deputatların cəmiyyətdəki nüfuzunu və işgüzar keyfiyyətlərini əsas götürüb. Bu səbəbdən də xeyli adam siyahıda yer ala bilməyib.
Məlumatlara görə, YAP elitası 2 nəfəri cəzalandırmaqda xüsusi həmrəylik nümayiş etdirib. Bunlardan biri Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov, digəri isə Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovdur.
Tanınmış YAP funksionerlərindən biri, bu şəxslərin adlarının siyahıda yer almamasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Vasif Talıbovun vurulması Naxçıvan “xan”ının siyasi kariyerasının birdəfəlik başa çatması ilə nəticələnib. Bundan sonra Talıbovu siyasi vitrində görmək heç kimə qismət olmayacaq. YAP rəhbərliyi də məhz bu amili nəzərə alaraq, onun adını özünün namizədlər siyahısına daxil etməyib.
Oqtay Əsədovla bağlı məsələ isə tamamilə fərqlidir. Məlum olduğu kimi, o, Milli Məclisin indiki rəhbərliyi formalaşdırılarkən, vəzifə tuta bilmədi. Siyasi hakimiyyətin bu münasibətindən inciyən sabiq sədr, parlamentə sözün həqiqi mənasında arxa çevirdi. Ötən 4 il yarımda Milli Məclisin yüzə yaxın iclası keçirilsə də, Əsədov cəmi 3-4 dəfə özünə əziyyət verərək, parlamentə gəlməyi lazım bildi. Bu da Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışları zamanı olmuşdu. Müstəsna hallar istisna olmaqla, Oqtay Əsədov bir dəfə də Milli Məclisin iclaslarına qatılmayıb. Keçmiş sədrin bu hərəkəti Milli Məclisin indiki rəhbərliyini narahat etsə də, sədarət təmkinli davranaraq, problemin böyüməsinin qarşısını aldı. Amma hakim partiyanın rəhbərliyi bu “ərköyünlüyü” Oqtay Əsədova bağışlamayaraq, onu Milli Məclisin yeni tərkibində təmsil olunmasına “qırmızı işıq” yandırdı.
Hər iki deputatın YAP-ın tədbirlərini boykot etməsi isə stəkanı daşıran sonuncu damla oldu. Ötən 4 il yarımda YAP-ı saymayanları bu dəfə YAP saymadı…