YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏY OLAQbackend

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir ki, həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

2024-cü il BMT-nin İqlim Dəyişikliyi Konfransı (UNFCCC COP 29) 2024-cü ilin noyabrında Bakıda, Azərbaycanda keçiriləcək. Azərbaycan hökuməti əvvəlki uğurlara əsaslanaraq və iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlara effektiv mübarizə aparmaq üçün gələcək ambisiyaya zəmin yaratmaq məqsədi ilə BMT-nin İqlim Dəyişiklikləri üzrə Konvensiyasına üzv olan Tərəflərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev : “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.

COP29 və ya Tərəflərin 29-cu Konfransı ölkələrin qlobal iqlim məsələlərini müzakirə etmək və əməkdaşlıq etmək üçün bir araya gəldiyi mühüm hadisədir. Bu, iqlim dəyişikliyi problemlərini həll etmək və beynəlxalq miqyasda həll yolları üzərində işləmək üçün əhəmiyyətli platformadır.

COP29-un Əsas məqsədi qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinin təmin olunmasıdır. Bu problem hər birimizin mənəvi borcudur. Lakin imkanlar tükənir və gələcəyimizi qorumaq üçün artıq bu gün diqqətimizi investisiyaların yatırılması məsələsinə yönəltməliyik. COP29-un əsas prioriteti qlobal istiləşməni nəzarətdə və temperatur artımını 1,5°C-dən aşağı saxlamaq üçün emissiyaların azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir.

Ekologiya.az

Məleykə Paşayeva