Bir qrup Yəmənli ziyalı, elm adamları və ölkənin aparıcı elm ocaqlarının tələbələri BMT-ni Qarabağın Azərbaycan Respublikasının ərazisi olması ilə bağlı qəbul edilən BMT qətnamələrini həyata keçirməyə çağırıblar. Çağırış Yəmənli professorlar Tavfiq Mahmud Məhəmməd Əli və Cəmilə Saleh Saifin təşəbbüsü ilə baş tutub.
Yəmənli ziyalılar, BMT və təşkilatın Baş katibinin Ermənistan tərəfinin mülki Azərbaycan əhalisini qəsdən və məqsədyönlü şəkildə ballistik raket və artilleriya qurğularından atəşə tutmasını qəti şəkildə pislədiyinə diqqət yetirərək, bu hərbi cinayətlərin Qafqaz bölgəsində sülhə və təhlükəsizliyə ən böyük təhdid olduğunu bildiriblər.
Ziyalılar Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd edərək, Azərbaycanın torpaqlarını işğaldan azad edilməsi uğrunda apardığı haqlı mübarizəsini dəstəklədiklərini bildirib, Ermənistanın təcavüzkar siyasətini pisləyiblər.