Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri yaz semestri imtahan sessiyasının gedişatını izləyiblər. İmtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. Şura üzvləri və KİV təmsilçiləri, həmçinin tələbələrin sessiyaya hazırlığı, sualların tərtibatı, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar.
“Yeni Gundem” xəbər verir ki,Aİİ rektoru Ceyhun Məmmədov imtahan prosesi barədə Şura üzvlərinə və KİV təmsilçilərinə ətraflı məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semestri imtahanlarının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkili üçün Operativ Qərargah yaradılıb. C.Məmmədov imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda şifahi formada keçirildiyi barədə Nəzarət Şurasının üzvlərini məlumatlandırıb. İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkili məqsədilə İnstitut rəhbərliyi tərəfindən xüsusi komissiyanın yaradıldığı, imtahanlara nəzarətin müəllim-koordinatorlar tərəfindən həyata keçirildiyi qeyd edilib. İmtahanlar arasında 2 gündən az olmayan müddətin təyin edildiyi, imtahana ayrılan zamanın 2 saat müəyyənləşdirildiyi barədə məlumat verilib.
Məlumat üçün bildiririk ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün lazımi şərait yaradılıb. İmtahan otaqlarının qarşısında müraciət və təklif qutuları asılıb.
İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi; universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili; aşkarlığın və şəffaflığın təmin olunması; əməkdaşların və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.
Şuranın tərkibinə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev; təhsil üzrə ekspert, professor Şahlar Əsgərov; təhsil üzrə ekspert Nadir İsrafilov; “Trend” İnformasiya Agentliyi
Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev; “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə; İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu; Modern.az saytının rəhbəri Elşad Eyvazlı; “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva daxildir.