Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edən ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov koronavirus (COVİD-19) qlobal pandemiyası fonunda məsafədən təhsilin əhəmiyyətindən bəhs edib.
Məlum olduğu kimi, bəşəriyyət, artıq aylardır ki, üzləşdiyi dəhşətli pandemiya ilə mübarizə aparır. Çindən başlayan koronavirus qısa zamanda bütün dünya ölkələrini çənginə aldı. Təəssüflə qeyd etməliyik ki, sözügedən bəla ölkəmizdən də yan keçmədi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusu “COVİD-19” və “pandemiya” adlandırdı. Həyatını itirən insanların sayı sürətlə çoxalmağa başladı və bütün dünya ölkələrini ciddi addımlar atmağa vadar etdi.
Azərbaycan Hökuməti koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə qabaqlayıcı addımlar atmağa başladı. Belə ki, cari ilin əvvəlində Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Ölkədə təhsil müəssisələrində təlim-tədris prosesinin, ardınca bütün kütləvi tədbirlərin dayandırılması, o cümlədən, pandemiyanın (COVİD-19) geniş yayıldığı ölkələrlə sərhədlərin bağlanması ən qabaqlayıcı addımlardandır. Ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi, şəhər və rayonlararası nəqliyyatın, həmçinin Bakı Metropoliteninin fəaliyyətinin dayandırılması, ələlxüsus, insanların sosial təcrid şəraitinə keçməsi bu pandemiya ilə mübarizədə mühüm rol oynadı.
Xüsusilə vurğulamaq lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəfələrlə xalqa müraciəti, insanları bu pandemiya ilə mübarizədə həmrəyliyə səsləməsi COVİD-19-un geniş yayılmasının qarşısının alınmasında atılan ən vacib amillərdən idi.
Ölkə başçısının pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində gördüyü işlər ard-arda imzaladığı Sərəncamlarla dəstəkləndi. Xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə işsiz qalmış insanların maddi rifahının yaxşılaşdırlması ilə bağlı birdəfəlik müavinətlərin verilməsi, o cümlədən ölkəmizin iqtisadi cəhətdən sıxıntı yaşamaması üçün sahibkarlara yardım, kənd təsərrüfatına ayrılan vəsaitlər və başqa bu kimi həyata keçirilən tədbirlər pandemiya ilə mübarizə şəraitində ölkəmizdə qabaqlayıcı işlərdən sayılır.
Cənab Prezidentin Sərəncamı ilə Koronavirusa Dəstək Fondu yaradıldı və dərhal ölkə başçısı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın öz əməkhaqlarını ianə etmələri ölkəmizdə olan hüquqi və fiziki şəxslərin bu Fonda ianələr yatırmaları üçün stimul oldu. Qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir çox əməkdaşı da fərdi qaydada Koronavirusa Dəstək Fonduna ianələr etmişdir.
Qeyd etdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 3-dən etibarən bütün təhsil müəssiələrində təlim-tədris prosesi dayandırılmışdır. Yaranmış fasilə zamanı tələbələrin tədrisdən yayınmaması məqsədilə Azərbaycan İlahiyyat İnstitutu qısa zamanda videodərslərə başladı. İlkin mərhələdə İnstitutun fənn müəllimləri tərəfindən keçirilmiş videodərslər ali məktəbin rəsmi “facebook” səhifəsində, “youtube” kanalında yerləşdirildi. Ali tədris müəssisəsində təhsil prosesinin davamlılığını təmin etmək və distant təhsilə daha peşəkar şəkildə davam etmək məqsədilə Təhsil Nazirliyinin tövsiyəsi və dəstəyi ilə “Microsoft Teams” platformasının tətbiqi istiqamətində müvafiq şöbələrin və rəhbərliyin iştirakı ilə onlayn iclaslar keçirilmiş və tədris prosesinin təşkili ilə bağlı qərarlar qəbul edilmişdir. Qısa zaman ərzində müəllim və tələbələrin “Microsoft Teams” platforması vasitəsilə məsafədən dərslərə start verilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, tədris sillabuslara uyğun şəkildə həyata keçirilir və bu platformada, həmçinin dərs və digər böyükhəcmli materialların yerləşdirilməsi, ötürülməsi təmin edilir. Təhsil Nazirliyinin “Microsoft Teams” platformasını universitetlərin istifadəsinə təqdim etməsi və bu platformadan istifadədə lazımi dəstəyin göstərilməsi təqdirəlayiq haldır.
Qeyd edək ki, onlayn təhsili həyata keçirmək üçün başqa platformalar da mövcuddur. Bunların arasında “Microsoft Teams” platforması tədris üçün ən əlverişli hesab edilir. Bu platforma üzərindən təkcə onlayn dərs keçmək deyil, həmçinin tədris olunan materialların videoformatda saxlanılması, mühazirə mətnlərinin və digər fənn mövzularının paylaşılması, seminar və imtahanlar üçün sualların və testlərin hazırlanması imkanları da mövcuddur.
Onu da qeyd edək ki, Aİİ müəllimlərinin keçdiyi dərslərin videoqeydiyyatı aparılır ki, bu da internet məhdudiyyəti olan tələbələrə daha sonra dərsləri dinləmək imkanı yaradır. Tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır və məsafədən dərslərdə fəal olmaları tövsiyə olunur.
Tədris prosesinin nöqsansız həyata keçirilməsi, dərslərin tədris olunmasına nəzarət, müəllim və tələbələrin bu platformadan mütəmadi istifadə etmələri, o cümlədən texniki problemlərlə əlaqəli rəhbərlik və aidiyyəti şöbələr xüsusi səylə və qarşılıqlı əlaqədə sosial izolyasiyaya əməl edərək məsafədən çalışırlar. Tədris olunan dərslərin keyfiyyətini yoxlamaq məqsədilə tələbələr arasında sorğu təşkil edilmiş, “Microsoft Teams” platforması vasitəsilə rəhbərlik və müvafq şöbələrlə tələbələrin birlikdə iclası təşkil olunmuşdur. Təhsilalanların tədris prosesi ilə bağlı irad və təklifləri dinlənilmiş, onları maraqlandıran digər suallar cavablandırılmışdır. İclasda, həmçinin tələbələrə və əməkdaşlara sosial izolyasiyaya dair Operativ Qərargahın qərar və tövsiyələrinə riayət etmələri tövsiyə olunmuşdur.
Aİİ kollektivi olaraq əlimizdən gələni edirik ki, tədris prosesindən geri qalmayaq və gələcəkdə hər hansı çətinliklə qarşılaşmayaq. Ümid edirik, bu bəladan həmrəy olaraq birlikdə xilas olacağıq. Biz birlikdə güclüyük!