APA TV 7 yaşında! – REPORTAJbackend

29 may 2013-cü il… Uğurlu və çətin yolun başlanğıcı… Düz 7 il öncə bu yolun astanasında yeni bir internet televiziyası yarandı. “ APA Media Group”un sonbeşiyi ölkənin media tarixinə öz adını APA TV olaraq yazdırdı. Ətrafına xeyli peşəkarlar topladı. Peşəkar komanda ilə media məkanında irəliləməyə başladı. Öz dəsti-xətti, öz yolu oldu. Qısa zamanda böyük tamaşaçı auditoriyası qazandı. Dünyada və ölkədə baş verən ən son xəbərləri operativ şəkildə tamaşaçısına çatdırmağa çalışdı.

Bir işi sıfırdan başlamaq heç də asan deyil. APA TV də sıfırdan başladı. Yeni yola çıxdı. Qarşıda onu hansı sürprizlər gözləyirdi, bundan xəbərsiz idi. Yəni tamaşaçı auditoriyası toplaya biləcəkmi, hadisələri operativ şəkildə işıqlandırmağı bacaracaqmı? Media qurumlarının bol olduğu məkanda bu suallara cavab tapmaq o qədər də asan məsələ deyildi. Amma APA TV bunu bacardı.

Analoq televiziya formatında fəaliyyət göstərən APA TV qısa zaman kəsiyində bu çətin və məsuliyyətli işin öhdəsindən məharətlə gəldi. Peşəkar komanda ilə yola çıxan televiziyada hər kəs bacarığını ortaya qoydu, buranı öz evi bildi. Gecə-gündüz çalışdı. Çalışdı ki, bura tamaşaçının üz tutacağı, güvənəcəyi, etibar edəcəyi media qurumuna çevrilsin. Çevrildi də. Ən azı bunu abunə sayı da deyir. Bu gün APA TV-nin “Youtube”da 340 minə yaxın abunəçisi var. “Facebook” sosial şəbəkəsində izləyicilərinin sayı isə 215 mindən artıqdır.

Düz 7 il öncə internet üzərindən canlı yayıma başlayan APA televiziyası ötən müddət ərzində bir çox ilklərə imza atıb. Gündə 14 saat canlı yayımlanan bu media qurumu hazırda efirində ictimai-siyasi, iqtisadi, sosial, dini və mədəni mövzulara həsr olunmuş onlarla verilişi tamaşaçılarına təqdim edir, tamaşaçını düşündürən, problemini işıqlandıran, o problemləri çözməyə çalışan platformaya çevrilməyə səy göstərir.

Ötən 7 ildə bu televiziyada nələr oldu? Bu yolu necə keçdi? APA TV-nin tarixinə ekskurs edib səhifələrini vərəqləyəcəyik. Əlbəttə, əvvəlcə ilk gündən burada çalışan əməkdaşların fikirlərini öyrənməyə çalışacağıq.

Təbii ki, bu gün ilk iş yeri APA TV olan əməkdaşlarımız da var. Onların da fikirləri maraqlıdır.

Dünyanın hər bir yerində baş verən hadisələri operativ şəkildə çatdırmağa çalışan APA Televiziyasının təbii ki, bölgələrdə və ölkə hüdudlarından kənarda da müxbir postları fəaliyyət göstərir. Onların bu sahədə xidmətlərini danmaq olmaz.

7 yaşın mübarək, APA TV! 7-nin yanında 0 görmək diləyi ilə…

“Gündəm Media Group” adından bizdə həmkarlarımızı təbrik edirik.