Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirir. Növbəti tədbir “Okçular vakfı”nda təşkil olunub.
Öncə Xocalı soyqırımına həsr olunmuş foto sərginin nümayişi keçirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Bəyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız Xocalı soyqırımının Türkiyədə böyük üzüntü, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu dərd bundan sonra da unudulmayan acı kimi insanlarımızın qəlbində yaşayacaq.
Bəyoğlu Rayonu Kaymakamı Mustafa Demirelli keçmişi dəqiq şəkildə təhlil edib gənclərimizin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Bütün dünya xalqlarını bu hadisəyə, ümumilikdə terrorizmə, erməni vandalizminə qarşı səsini ucaltmağa çağırıb.
Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev tarixi hadisələrin xronologiyasına nəzər salıb: “1905-ci ildə Qarabağda, 1918-də Bakıda və 1992-ci ildə Xocalıda Azərbaycan türklərinə qarşı həyata keçirilən soyqırımlarını bir-birindən ayırmaq olmaz; hamısı erməni separatçı terrorçularının eyni məqsəd üçün həyata keçirdikləri cinayətlərdir. Birinci Dünya müharibəsində üç cəbhədə müharibə aparan Osmanlı imperiyasını arxadan xəncərləyərək cinayətlər törətmiş ermənilər həmin əməllərini daha sonra Azərbaycan torpaqlarında davam etdiriblər”. Ermənilərin törətdiyi Xocalı soyqırımının təfərrüatları barədə məlumat verən Baş Konsul M.Hacıyev daha sonra bu faciəni daim gündəmdə saxlayan Türkiyəyə təşəkkür edib.
Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram tarix boyu ermənilərin türk millətinə və Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri ardıcıl və düşünülmüş soyqırımı siyasəti, həmçinin Xocalı faciəsi haqqında bəhs edib. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılması istiqamətində tələbələrin və sosial medianın rolunun vacibliyini vurğulayıb.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov erməni vəhşiliklərini tarixi nöqteyi-nəzərdən təhlil edib. O, Xocalıda baş vermiş soyqırımı faktlarını, insanların hansı amansızlıqlarla – qadın, qoca, uşaq demədən – qətlə yetirildiyini bildirib. A.Şirinov, həmçinin XX əsrin əvvəllərində ermənilər və onların havadarları tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş 31 Mart hadisələrini, soyqırımı nəticəsində dinc əhalinin amansızlıqla qətlə yetirilməsini, yüzlərlə kəndi, yaşayış yerlərini dağıdıb viran qoymalarını diqqətə çatdırıb. Qeyd edib ki, tarix boyu ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olublar.
Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı jurnalist Səriyyə Cəfərova tədbirdə çıxış edərək, Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabı haqqında bəhs edib. S.Cəfərova soyqırımı haqqında olan rəsmi və gizlədilmiş faktlar, öldürülən insan sayı haqqında məlumat verib. Şahidlərin, o hadisələrdən sağ çıxmış insanların, əsir düşüb, daha sonra əsirlikdən xilas olmuş insanların həmin hadisələr barədə söylədikləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.