Azərbaycan Respublikası ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi üçün tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) onlayn dərslərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsinə əsasən “Microsoft Teams” platforması üzərindən keçirilməsi məqsədilə müəllimlərin proqram vasitəsilə virtual iclası təşkil olunub. İclasda İnstitutun bütün rəhbər heyəti və müəllimləri iştirak edib.
İclasın təşkil olunmasında məqsəd müəllimlərin onlayn keçiriləcək dərslərlə bağlı məlumatlandırılmasıdır. İclasda onlayn tədrisin dərs cədvəlinə və sillabuslara uyğun təşkil olunması, tələbələrin qiymətləndirilməsi, müəllim-tələbə müzakirəsinin aparılması, mühazirə və digər materialların ötürülməsi və başqa məsələlərlə bağlı müzakirələr aparılıb.
Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra, tələbələrin təhsil prosesindən geri qalmaması üçün videodərslərin təşkili həyata keçirilir.
Qeyd edək ki, Aİİ-də distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər aparılır. Məlumdur ki, distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən təşkil edilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 20 aprel 2020-ci ilə qədər ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb.