Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda təşkil etdiyi “Qış məktəbi” bu gündən öz işinə başlayıb.
İnstitutun kollektivi əvvəlcə şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.
“Qış məktəbi”nin açılış mərasimində çıxış edən Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov tələbələrə uğurlar arzulayıb. Təşkil edilən proqramın tələbələr üçün böyük şans olduğunu nəzərə çatdıran A.Şirinov onlara bu imkandan maksimum yararlanmağı tövsiyə edib. O, Qəbələnin Nic kəndində təşkil edilən “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi”nin əhəmiyyətindən bəhs edərək, burada yaşayan udilərlə yaxından ünsiyyətin, eyni zamanda, bu tarixi məkanda mövcud olan qədim abidələrimizlə tanışlığın xüsusi səciyyə daşıdığını nəzərə çatdırıb.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ölkəmizdə mövcud multikultural mühit barədə söhbət açıb. İnstitutun Qəbələdə təşkil etdiyi “Qış məktəbi”nin tələbələrin mövcud tolerant və multikultural mühitlə yaxından tanışlığı baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. G.İsmayılov gənclərə bu imkanlardan maksimum yararlanmağı tövsiyə edib.
Alban-Udi Xristian İcmasının sədri Robert Mobili tələbələri Qəbələnin Nic kəndində görməkdən məmnunluğunu ifadə edib. O, qədim xalqlardan biri olan udinlər üçün multikultural ölkəmizdə yaradılan hərtərəfli şəraitdən bəhs edib. R.Mobili bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyimizin keşiyində duran yüksək ixtisaslı dinşünas və islamşünas kadrlar hazırlayaraq təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcəkdir.
DQİDK-nin Şəki bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Taleh Abdullayev bildirib ki, təşkil edilən “Qış məktəbi” ekskursiya və seminarların tələbələrin biliklərinin artırılmasında, dünyagörüşlərinin zənginləşdirilməsində xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, fevralın 7-nə qədər davam edəcək “Qış məktəbi”nin təşkilinin əsas məqsədi tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.