Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” ziyarət və seminarlarla davam edib.
“Yeni Gündəm” in məlumatına görə,“Qış məktəbi”nin növbəti günü tələbələr Qəbələ Rayon Mərkəzi Məscidini ziyarət ediblər. Məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə, 600 mömin ibadət edə bilir. Məscidin divarlarına müqəddəs Qurani-Kərimdən surələr yazılmış, sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Məscidin həyətində isə axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və digər köməkçi tikililər inşa olunub.
Tələbələr Soltannuxa Kənd Türbəsinə təşkil olunmuş ekskursiya zamanı ziyarətgah haqqında geniş məlumat əldə ediblər. Ziyarətçilərə məlumat verilib ki, türbənin, təxminən, 200 ilə yaxın tarixi var. Burada, təxminən, 179 il əvvəl “Şeşpər” adlı din xadiminin yaşadığı, onun İslam dininə böyük xidmətlər göstərsə də, əsər yazıb-yazmamasına dair məlumatın olmadığı diqqətə çatdırılıb.
Daha sonra tələbələr MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlillinin təqdimatında “Azərbaycanda xanəgahlar” mövzusunda məruzəni dinləyiblər. Azərbaycan ərazisində İslam arxeologiyasının ən qədim abidələrinin inşasının VIII əsrin sonu, IX əsrin əvvəllərindən başlandığını vurğulayan F.Xəlilli Azərbaycan arxeologiyasının müasir nailiyyətləri, həmçinin çağdaş dünya arxeologiyası barədə tələbələrin dərin biliklərə yiyələnməsinin vacib olduğunu tövsiyə edib. O, həmçinin qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri də maddi-mədəni irsimizin qorunmasıdır. F.Xəlilli Qəbələ ərazisində yerləşən abidələrimiz haqqında ətraflı məlumat verib.
Xatırladaq ki, fevralın 7-nədək davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.