Azərbaycan və Türkiyə elm adamlarının iştirakı ilə “COVID-19: qlobal dəyişmələr və təsirlərin qiymətləndirilməsi” mövzusunda videokonfrans keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin (İİETİ) təşkilatçılığı ilə keçirilən videokonfransdsa yeni növ koronavirusun (COVID-19) iqtisadi və sosial təsirləri müzakirə olunub.
AzTU-nun rektoru Vilayət Vəliyevin moderatorluğu ilə keçirilən videokonfransda hər iki ölkənin bir sıra universitet rektorları, iqtisadçı ekspertləri, alim və siyasətçiləri iştirak edib.
Məruzəçilər COVID-19-un dünyaya və regiona təsirini qiymətləndirən təqdimatlarla çıxış ediblər.
Vilayət Vəliyev Azərbaycan və Türkiyənin yeni növ koronavirusla mübarizə tədbirlərini müsbət dəyərləndirərək bildirib ki, gələcəkdə dünyada fərqli viruslar və oxşar təhlükələrin yaranacağı istisna olunmadığı üçün, bu istiqamətdə ixtisaslı kadr hazırlamaq məqsədilə qardaş ölkə universitetləri ilə əməkdaşlığı daha da artırmaq lazımdır.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kocaeli vilayətinin millət vəkili Cəmil Yaman deyib ki, yeni növ koronavirusla mübarizədən ibrət alınacaq dərslər var və tək iki ölkənin deyil, dünya əhalisinin bu mübarizədə ortaq fəallığı vacibdir.
Pandemiya ilə mübarizdə Türkiyənin uğurlu nəticələr əldə etdiyini bildirən millət vəkili AKP-nin səhiyyə sahəsinə çox sərmayə yatırdığını və bu fəaliyyətin müsbət nəticələrinin göründüyünü qeyd edib.