AzTU və OSTİM Texniki Universiteti postpandemiya dövründə texniki təhsilin və birgə əməkdaşlığın inkişafını müzakirə ediblərbackend

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında videokonfrans keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, videokonfransda AzTU-nun rektoru Vilayət Vəliyev, OSTİM Texniki Universitetinin rektoru Murad Yülək, universitetlərin mütəxəssisləri, həmçinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin şöbə müdiri Əliniyaz Məmmədov postpandemiya dövründə texniki təhsilin biotibbi texnologiyalar sahəsində yarana biləcək böyük tələbini qarşılamaq üçün birgə əməkdaşlığı müzakirə ediblər.

Bu məqsədlə “Biotibbi texnologiyalar mühəndisliyi” ixtisası üzrə elmi-tədqiqatlar və kadr hazırlığına diqqətin artırılması, onlayn professor-mütəxəssis mübadiləsi, İslam İnkişaf Bankı, TÜBİTAK ilə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Universitetlərin öz potensialı daxilində vacib layihələrin hazırlanması və icrası üzrə tədqiqatlar aparması da müzakirə olunub.

Bundan başqa enerji texnologiyaları, süni intellekt, karantin günlərində onlayn dərslərin gedişi və digər məsələlərə də diqqət çəkilib.